Tıxaclardan qurtuluş yoxdur

"1 manatlıq" taksilər problemlərin yalnız bir fraqmentidir

İctimai nəqliyyatın daha çox sərnişin daşıyan növləri inkişaf etdirilməlidir

  Bakı Nəqliyyat Agentliyi, yollarda tıxaca düşüb əsəb, stress keçirən sərnişlənlərin dərdinə şərik çıxdı. Tıxac probleminin həlli ilə bağlı mütəxəssislərin illərdir təkidlə səsləndirdiyi təklifləri də, nəhayət, diqqətə aldı. Və ictimai nəqliyyatın tıxacdan çıxması üçün avtobus zolaqlanın çəkilməsinin optimal həll yolu olduğunu təsdiq etdi. Xüsusi avtobus zolaqları ilə bağlı dünən keçirilən mətbuat konfransında çıxış edən BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, son aylarda yollarda müşahidə olunan tıxac, sıxlıq və avtobusların gecikməsi müvafiq tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır. 

Onun sözlərinə görə, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb. Bütün bunlar xüsusi avtobus zolaqları şəbəkəsinin yaradılması məsələsini daha da aktuallaşdırıb: "Son illərdə keçirilən müşahidələr onu göstərir ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb (2016-2019 illər ərzində 27 faiz artım). Son aylar Bakının nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stres, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatı ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Tıxacların aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir". M.Ağayev xatırladıb ki, oktyabr ayında Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub. "Bunlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır. Daha doğrusu, 7 A müntəzəm marşrut xəttinin keçdiyi küçə və prospektlərdə əlavə avtobus zolaqlarının olmasıdır”.   

M.Ağayev qeyd edib ki, tədbirlər planına uyğun olaraq Abşeron rayonunun Xırdalan şəhərindən Bakı istiqamətinə xüsusi avtobus zolağı çəkilə bilər. Xüsusi avtobus zolağı əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb. Hazırda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub: “Xırdalan-Bakı arasında ictimai nəqliyyat əlaqəsinin qurulmasında Bakı-Xırdalan avtomobil yolu ən vacib dəhlizlərdən biridir. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq".
  
M.Ağayev qeyd edib ki, Bakının ictimai nəqliyyatına tramvay və troleybusların daxil edilməsi uzun müddətə reallaşacaq plana aiddir. M.Ağayevin sözlərinə görə, hazırda Bakıda ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir. Metronun hərəkəti məhduddur, ona görə də yük avtobusların üzərinə düşür:

 "Yaranan tıxaclarla bağlı əhalinin qınaq obyektinə çevrilməmizin əsas səbəbi də elə budur". O qeyd edib ki, əvvəllər ictimai nəqliyyat vasitələri kimi alternativ nəqliyyat vasitələri, o cümlədən tramvay və troleybuslar var idi: "Hazırda əhalinin sayı da xeyli artıb. Qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyon əhali yaşayır. Tramvay və troleybusların olmasını biz də təqdir edirik. Bildiyimizə görə, şəhərin Baş planında bu məsələ var idi. Lakin bu, uzun müddətə reallaşacaq plana aiddir”.

  M.Ağayev görülən tədbirlər nəticəsində son 7 ildə paytaxtda istismarda olan avtobusların 70 faizdən çoxunun yeniləndiyini deyib. Qurum rəsmisi bildirib ki, pandemiyadan öncəki dövrdə avtobuslarla sərnişin səfər sayları hər il artıb. Amma pandemiya ilə əlaqədar səyahət sayında 50 faizə qədər azalma olub:

 “Bu tendensiya dünyanın bütün şəhərlərində müşahidə edildi. Təhlillər göstərir ki, həmin şəhərlərdə son iki ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb. Buna onlar yollarda avtobus zolaqlarının tətbiqi ilə nail olub. Misal olaraq, Tbilisini göstərə bilərik". 

  M.Ağayev 1 manatlıq (əslində 1 manatlıq taksilər daha qalmayıb, 2 manatlıqdır – M.R. ) taksiləri də hədəfə alıb. BNA rəsmisi qeyd edib ki, qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişin daşımalarına ciddi maneə törədir. Mətbuat katibi bildirib ki, sərnişinlərin "1 manatlıq" taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır: “"Metronun "20 yanvar" və "Koroğlu" stansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir, "1 manatlıq taksilər"dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət baş verir, həm də daşıyıcı sərnişin itirir. 

Daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var", - M.Ağayev qeyd edib.

 "Bəzi hallarda qanunsuz sərnişindaşıma vasitələri dayanacaqların ətrafında elə bir süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur. Nəticədə sərnişinlər həmin "1 manatlıq" taksilərdən istifadə edirlər", - M.Ağayev əlavə edib.

  Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə  yol qaydaları pozuntularının çoxunun dayanma-durmanın payına düşdüyünü deyib: “Bunların sırasında avtobus dayanacaqlarının, avtobus zolaqlarının zəbt olunması da qeyd edilməlidir”. 

  Mətbuat konfransında səslənən fikirlərə ekspertlər nə deyir? Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Azərbaycan Yol Mühəndisləri” qrupunda paylaşım edərək münasibət bildirib. Ekspert hesab edir ki, mövcud tıxac problemi kompleks tədbirlər planı icra etməyi tələb edir:

- Taksi - problemlərin bir fraqmentidir. İctimai nəqliyyatın daha çox sərnişin daşıyan növləri inkişaf etdirilməlidir. Məsələn, yüngül relsli dəmiryolu sistemi böyük şəhərlərdə effektivdir, çünki eyni anda daha çox sərnişin daşıya bilər, bu, bizdə tətbiq edilməlidir. Metro şəbəkəsi daha baha başa gəldiyindən və bu səbəbdən tikinti sürəti zəif olduğundan şəbəkə zəif genişlənir. Bundan əlavə, Bakı-Sumqayıt-Xırdalan istiqamətində mövcud dəmiryolu şəbəkəsini istifadə etməklə onu yerüstü metroya çevirmək olar. Bu gün qatar sayı artırılmalıdır.

Belə tələblər var, amma təkliflər məhduddur. Tələbi təklif qarşılamadıqda isə taksilərin sayının çoxalması müşahidə olunur. Hətta fikrimcə, rəqəmlər daha çoxdur, çünki qeyri-rəsmi fəaliyyət göstərənlər də var, onların hamısı yaranmış boşluğu doldurur. Problemdən çıxış yolu daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişaf etdirilməsidir.

 Tıxac bir günə əmələ gəlmədiyi üçün onun həlli də mərhələli - yaxın, orta və uzaq hədəfli həll variantları ilə icra edilməlidir. İctimai nəqliyyatın cəlbediciliyini artırmaq üçün mövcud yol şəbəkəsində onun üstünlüyünü təşkil etməliyik. 

Ayrılmış avtobus zolağı, dəhlizlərin formalaşdırılması, mövcud yol sahəsində bəzi transformasiya işlərinin həyata keçirilməsi müsbət nəticə verə bilər. Məsələn, zolaqların ensizləşdirilməsi həm təhlükəsizliyə müsbət təsir göstərər, həm də qalan sahədə velosiped zolağı təşkil etmək olar. 

Bu addım şəhərimizdə artan mikromobillik vasitələri üçün yaxşı fürsət olar, yeni bir reallıq yaranar. Belə ki, hazırda getdiyiniz yolda hamı tıxacda dayanır, amma alternativlər formalaşanda, avtobus və velosiped zolağı təşkil ediləndə avtomobilə üstünlük verənlərin müəyyən faizi ictimai nəqliyyata yönələcək və bu da indiki vəziyyəti kökündən dəyişəcək. Elə buna görə kompleks tədbirlərin icrası tələb olunur.