Türkiyə Silahlı Qüvvələrinin generalı, general polkovnik Bəxtiyar Ərsayın Müdafiə nazirinin müşaviri təyin olunması Azərbaycanla Türkiyənin “Şuşa Bəyannaməsi”ndən sonra qət edilən yolun nəticələrindəndir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.
O bildirib ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürülərsə, təhdid və təhlükə yaradan ölkələr olarsa, Türkiyəni də qarşılarında görəcəklər:
""Qardaş yumruğu" (red. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə baş tutub) təlimləri ilə bölgədə bizə dost və düşmən ölkələrə mesaj ötürdük.
Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir və yaxud əksinə. Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir.
Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçirilməsində general-polkovnik Bəxtiyar Ərsayın fəaliyyətini vurğulamalıyıq.
MN müşavirliyinə yeni təyinat Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidini daha səmərəli və keyfiyyətli edəcək. Zaman da tezləşəcək. Sonrakı mərhələdə Azərbaycan Silahlı Qüvvələrinim Türkiyə Silahlı Qüvvələri səviyyəsində döyüş hazırlığına malik olacaq. Nəticə etibarilə NATO-nun ikinci ən güclü ordusu səviyyəsinə yüksələ biləcəyik".
Qeyd edək ki, Türkiyəli general-polkovnik Bəxtiyar Ərsay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb. Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.