"Bakı sülh müqaviləsinin qısa müddətdə imzalanmasının tərəfdarıdır"  - Politoloq 

“Əgər tərəflər razılığa gəlməsə və hansısa bir ortaq sənədə imza atmasalar, o zaman normallaşma ola bilməz"

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə birgə fəaliyyətin tezliklə bərpa olunacağına ümid edir”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
"Hesab edirik ki, indiki halda sənədin razılaşdırılması müddəti bir o qədər də vacib deyil. Əsas odur ki, rəsmi Bakı və İrəvan regionda sabit və ədalətli sülhə zəmanət verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin", - diplomat bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş sammitin yekunlarına əsasən imzaladıqları üçtərəfli bəyanatda təsbit olunmuş müddəalara uyğun olaraq danışıqlar prosesinə kömək etməyə hazırdır.


Qaluzinin açıqlamasının "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, sülh sənədinin imzalanmaması iki tərəfli münasibətlərin tənzimlənməsində əngəllər törədir:

“Əgər tərəflər razılığa gəlməsə və hansısa bir ortaq sənədə imza atmasalar, o zaman normallaşma ola bilməz. Digər tərəfdən Kreml vəziyyətin stabilləşməsini istəyir. Amma prosesin normallaşması üçün daha ciddi addımların atılması lazımdır. Burada nəinki Rusiya, ümumiyyətlə digər vasitələçilər də aciz qalırlar. Proseslərin gələcəkdəki inkişafına gəldikdə isə , rəsmi Moskva ermənilərin Qarabağda yaşaması ilə bağlı çətinlik çəkirik iddiaları məsələnin qeyri-müəyyən vaxta təxirə salınmasından xəbər verir. Bu isə münaqişənin olduğu kimi qalması deməkdir. Azərbaycan tərəfi isə bununla razı deyil.  Rəsmi Bakı məsələlərin qısa müddətdə həll etməyin tərəfdarıdır".