Tofiq Zulfüqarov: "Zaxarova 10 noyabr razılaşmasına zidd fikirlər səsləndirdi"

“Bildirilib ki, Zəngəzur dəhlizinin yoxlama məntəqəsinə Ermənistanın nəzarəti tədbiq olunacaq, əgər belədirsə..."

“Rusiya Azərbaycan və Ermənistanla dialoqda hər iki respublika ilə müttəfiqlik münasibətlərini nəzərə alır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə news.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Moskva bu məsələdə ən yüksək səviyyədə razılaşdırılmış bütün üçtərəfli sazişlər toplusuna arxalanır.
“Təbii ki, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizin olduğunu nəzərə alırıq. Ona görə də vasitəçi olaraq biz bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqedən çıxış edirik. Mən həqiqətən ümid edirəm ki, Ermənistanda bundan xəbərdardırlar”, - deyə Zaxarova qeyd edib.
Diplomat əlavə edib ki, əgər Ermənistan KTMT-nin köməyinə ümid edirsə, o zaman təşkilat Azərbaycanla sərhədə monitorinq missiyası göndərməyə hazırdır, bir şərtlə ki, İrəvan buna hazır olsun.

Məsələni "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zulfiqarov vurğulayıb ki, Zaxarovanın çıxışında 10 noyabr razılaşmasına zidd olan bir necə fikir səsləndirildirilib:

“Məsələn bildirilib ki, Zəngəzur dəhlizinin yoxlama məntəqəsinə Ermənistanın nəzarəti tədbiq olunacaq. Əgər belədirsə, o zaman 10 noyabr sənədində göstərilən digər məsələlərə də düzəlişlər olunmalıdır. İkincisi burada Kremlin tabeliyində olan təşkilatların delimitasiya və demarkasiya prosesinə cəlb olunması, Ermənistanla Rusiya arasında olan bir məsələdir. Ermənilər kimi istəsə cəlb edib masasında otura bilərlər.  Amma Azərbaycan bu məsələlərdə öz milli-siyasi maraqlarına uyğun hərəkət edir. Yəni rəsmi Bakı prosesi özü həll edə bildiyi üçün, hansısa təşkilatları cəlb etmək niyyətində deyil. Çünki Azərbaycan sərbəstdir və şəxsi gücünə arxalanır".