Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 57 gündür davam edir.
Məsələyə münasibət bildirən siyasi şərhçi Rusif Məmmədsoy "Sherg.az"a bildirib ki, bölgədə, regionda və İranın daxilində baş verən hadisələr, bizə Laçın-Xankəndi yolundan diqqətin yayındığını deməyə imkan verir:
"Bununla paralel şəkildə Avropada Azərbaycan əleyhinə qətnamə qəbul edildi. Təşəbbüskar isə Fransa dövləti idi. Ancaq istənilən halda rəsmi Bakı bu məsələdə qətiyyətlidir. Xüsusilə aksiyalar məqsədə çatana qədər davam edəcək. Artıq bizim rus sülhməramlıları ilə birgə yola nəzarətimiz həyata keçirilir və biz bunu rəsmiləşdirmək istəyirik. Yəni bizim Dövlət Sərhəd Xidməti(DSX) və Dövlət Gömrük Komitəsi(DGK) oradan istifadə edən insanlar və yükləri öz nəzarətində saxlamalıdır. Bununla yanaşı proses sadə görünə bilər, amma belə deyil. Laçın-Xankəndi yoluna birgə nəzarətdən sonra, dövlət qurumlarımızın ora sirayət etməsi çox vacibdir. Həmçinin bizim Ekologiya və Təbii sərvətlər Nazirliyinin nümayəndələri həmin arazilərdə monitorinq keçirməlidir. Bu monitorinq əsasında da biz öz sərvətimizə sahib çıxmalıyıq ki, qeyri-rəsmi şəkildə istismar edilməsin".
Analitikin sözlərinə görə monitorinq bizim dövlət qurumlarımızın Xankəndi-Laçın yoluna siraət etməsi üçün həyata keçirilir:
"Ümumiyyətlə, tədricən proses öz axarına düşəcək. Digər tərəfdən məsələdə tələsməli olduğumuzu düşünürəm. Nə qədər ki, dünyanın başı qarışıqdır və regionda baş verən hadisələr diqqət çəkir, bu məsələdə yol tapılmalıdır. Həmçinin Xankəndidən də maraqlı kadrlar gəlir. İnsanlar artıq orada yaşamaq istəmirlər. Bu sadəcə olaraq psixoloji durumdur. Onlar Vardanyan və digər avantüristlərin qurbanına çevrilmək istəmirlər. Bunun nəticəsində isə Xankəndindən edilən dron çəkilişlərində insanların azaldığını görürük. Bu fonda Vardanyanın da açıqlaması olmuşdu. O bildirib ki, "Varlı insanlar bayram zamanı Xankəndindən gedib və geri qayıtmayıblar".
Yəni bu da onu deməyə əsas verir ki, Xankəndində yaşayan ermənilər narahatdır. Əlbəttə Azərbaycanın Xankəndi və digər bölgələr ilə bağlı mövqeyi qətidir. Biz 44 günlük savaşda belə əlində silah olmayan əhaliyə qarşı heç bir güc tətbiq etmədik. Bu gün də rəsmi Bakı eyni mövqedə dayanır.
Ümumiyyətlə, türk ordusu modeli bunun üzərində qurulub. Digər tərəfdən Xankəndidə yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər Bakının bu mövqeyini düzgün qiymətləndirməlidirlər. Vardanyan və Artunyan kimilərin qurbanına çevrilməməlidirlər.
Bu məsələdə Avropanın mövqeyinə gəldikdə isə bu, birmənalı deyil. Çünki biz Avropa İttifaqı və Qərb dedikdə sadəcə Fransanı nəzərə ala bilmərik. Fransa özlüyündə Aİ-ni təmsil etmir.
Bizim İtaliya və Şərqi Avropa ölkələri ilə çox yaxşı əlaqələrimiz var. Onlar da Fransanın bu mövqeyindən narahatdırlar.
Ona görə ki, Rusiya-Ukrayna müharibəsinə fonunda, bu gün Azərbaycan dünyanı enerji ilə təmin edən ölkələrdən biridir".