Əhəd Məmmədli:“Belə bir addım İran və Ermənistanın könlündən keçə bilər”
“Amma Azərbaycanın Türkiyə, Pakistan kimi dostları və İsrail kimi tərəfdaşı var. Belə bir məqəmda İran və Ermənistanın Azərbaycana hücum edə bilməsi elə də rahat olmayacaq”
Pənah Hüseyn: "Məsələyə mütləq ciddi yanaşmaq lazımdır”
Bir daha Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
Bu barədə Trend-ə diplomatik mənbələrdən daxil olan məlumatda deyilir.
Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirili və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.
Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür.
Məsələyə münasibət bildirən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, indiki məqamda Azərbaycana hücum olacağını düşünmür:
"Rusiya həm Türkiyə, həm də Azərbaycanla yaxşı münasibətlərdədir. Bəlkə də bu münasibətlər Atatürklə Lenin dönəmindən sonra ən yaxşı vəziyyətdədir. İndiki zamanda Rusiyanın Azərbaycana hücum planı cəfəngiyatdır. Belə bir addım İran və Ermənistanın könlündən keçə bilər. Ermənilər fikirləşə bilər ki, Türkiyənin başının qarışmasından istifadə edib, Azərbaycana hücum həyata keçirə bilərlər. Amma onlar artıqlaması ilə cavab alacaqlarını çox yaxşı bilirlər. Digər tərəfdən dünya gücləri də buna birmənalı yanaşmaz. Həmçinin Ermənistanın özü asılı ölkədir. O özbaşına müharibə qərarı verə bilməz. Gərək ABŞ, Fransa və Rusiya kimi ölkələrin razılığı olsun. Ancaq indiki vəziyyətdə Azərbaycana hücum nə Rusiya, nə də Qərbin maraqlarına cavab vermir. Çünki hazırkı Qərb-Rusiya qarşıdurmasında yeni cəbhənin açılması heç kəsin maraqlarına cavab vermir”.
İranın bu məsələdəki roluna gəlincə, Ə.Məmmdəli qeyd edib ki, cənub qonşumuzda daxili vəziyyət ürəkaçan deyil:
“İranın şimal vilayətlərində təbii fəlakətlər var. Əlavə olaraq Azərbaycanın Türkiyə, Pakistan kimi dostları və İsrail kimi tərəfdaşı var. Belə bir məqəmda İran və Ermənistanın Azərbaycana hücum edə bilməsi elə də rahat olmayacaq".
Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn isə qeyd edib ki, hər halda belə bir məlumat var ki, mətbuata sızıb:
"Məsələyə mütləq ciddi yanaşmaq lazımdır. Bizim kəşfiyyat təşkilatları, Müdafiə Nazirliyi və müvafiq qurumlar məsələni diqqətə alıb, lazımi tədbirlər görməlidir".