"Kollektiv immunitet formalaşıb. Son vaxtlar yüksək göstərici qeydə alınmır"
Yanvarın 9-dan fevralın 5-dək olan müddətdə 10 milyondan artıq insan COVID-19-a yoluxub, onların 90 mindən çoxu vəfat edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, əvvəlki 28 günlə müqayisədə infeksiya nəticəsində həyatını itirənlərin sayı 8 faiz, yoluxma halları isə 89 faiz azalıb.
Dünyada son dörd həftə ərzində 10 458 265 yoluxma və 90 520 ölüm halları qeydə alınıb.
Son 28 gündə ən çox yoluxma Çində (3 485 265) aşkar edilib. Bunun ardınca Yaponiya (2 429 215), ABŞ (1 328 65736), Koreya Respublikası (736 811) və Braziliya (389 444) gəlir. Çində yanvarın 9-dan fevralın 5-dək olan müddətdə ən çox ölüm halı (40 812) qeydə alınıb. Daha sonra ABŞ (15 294), Yaponiya (9 874), Böyük Britaniya (2 671) və Braziliya (2 566) yer alıblar.
Azərbaycanda koronavirusla bağlı indiki vəziyyəti şərh edən infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, ölkədə vəziyyət stabildir:
"Kollektiv immunitet formalaşıb. Son vaxtlar yüksək göstərici qeydə alınmır. Bəzi ölkələrdə problem qalmaqdadır. Lakin dünyanın bir çox ölkəkərində, eyni zamanda Azərbaycanda koronavirus problemi həll olunmaq üzrədir. Pandemiyanın tam nə vaxt bitəcəyini isə proqnoz kimi deyə bilmərəm.
Hazırda ölkəmizdə qrip epidemiyası mövcuddur. Hər kəs xəstələnir. Bu barədə çox suallar verilirdi. Koronavirusun yeni variantı olduğunu düşünürdülər. Elə deyil, çünki yaxma analizi göndərəndə COVİD-19 neqativ çıxmışdı".