Ermənistan son şanslarını da itirir! – “Anti-terror əməliyyatları qapıda...”

“Çünki Azərbaycana lazım olan öz maraqlarının təmin olunmasıdır"


"İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

“Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident İlham Əliyev deyib.

İkinci Qarabağ savaşından sonra Azərbaycan tərəfinin Ermənistana sülh təklifi ilə çıxış etdiyini deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, qalibin məğlub tərəfə belə bir təkliflə çıxış etməsi tarixdə çox az görülür:

"Buna baxmayaraq 3 ilə yaxındır ki, rəsmi İrəvan Bakıya konstruktiv cavablar vermir. Düzdür, müəyyən mənalarda Paşinyan və Mirzoyan bəyanatlar səsləndirir. 

Amma təcrübə göstərir ki, rəsmi İrəvan səmimi deyil. Onların bu tipli açıqlamaları isə yalnız prosesi uzatmağa və vaxt qazanmağa hesablanıb. Bizə lazım olan isə real nəticələrdir. Bunu biz hələ görmürük. Ölkə rəhbəri də məhz buna toxunub ki, beynəlxalq ictimaiyyət prosesləri anlamalıdır. 

Ümumiyyətlə Ermənistanın gah ABŞ-ın, gah Rusiyanın, gah da diasporun çaldığı havanı oynayır. Nəticədə də nə Ermənistanın, nə də Azərbaycanın maraqları təmin olunur. Təmin olunan isə Ermənistandan maşa kimi istifadə edən üçüncü qüvvələrin maraqlarıdır. 

Ölkə rəhbərinin də dediyi kimi Ermənistan nə qədər ki, müstəmləkə rolunu oynayacaq, Cənubi Qafqazda sülh, əminamanlıq və əməkdaşlıq mühitini təmin olunmayacaq. Həmçinin rəsmi İrəvan son şanslarını da itirməkdədir.

 Əgər belə davam edərsə, Azərbaycan növbəti anti-terror əməliyyatları keçirə bilər. Çünki bizə lazım olan öz maraqlarımızın təmin olunmasıdır".