“Rusiya Prezidenti Vladimir Putin mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək”.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
Kremlin mətbuat katibi qeyd edib ki, ardınca liderlər arasında üçtərəfli danışıqlar olacaq.
Görüşün gizlinlərini "Sherg.az"a açan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov vurğulayıb ki, Moskva görüşündən gözləntilərimiz çoxdur:
"Çünki nə Brüssel, nə Vaşinqton, nə də digər formatlar Ermənistanı hələ də sülh müqaviləsi imzalamağa təşviq edə bilməyib. Ümid Putinin rəsmi İrəvana göstərə biləcəyi təsirdən meydana gələcək dəyişikliklərə bağlıdır. Əlbəttə ki, Bakının birinci tələbi üçtərəfli müqavilənin maddələrin yerinə yetirilməsidir. Çünki müharibənin başa çatmasından üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, erməni silahlı birləşmələri Xocalı şəhərində, rus sülhməramlılarının gözü qarşısında hərbi-strateji fəaliyyətlər aparır. Bu da görüşün müzakirə predmeti ola bilər. Rusiya mətbuatı isə görüşdə iki vacib müqavilənin imzalanacağından danışır. Həmçinin sözügedən müqavilələrin logistika və kommunikasiya xətlərinin açılması ilə əlaqədar olduğu söylənilir. Digər tərəfdən Zəngəzur yolunun açılması ilə bağlı ciddi irəliləyişlərin olacağı da istisna edilmir. Nəticəni isə yalnız görüşdən sonra daha ətraflı müzakirə etmək olar".