İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir.
Prezident İlham Əliyevin İsrailli həmkarı İshak Hersoqla ilə təkbətək görüşü olub.
İki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi aparılıb.
İsrail Prezidenti bildirib ki, Azərbaycan dünyaya və regiona böyük təsir göstərir.
İlham Əliyev Azərbaycanla İsrail arasında fəal siyasi dialoq qurulduğunu vurğulayıb.
Qeyd edək ki, iki günlük səfər çərçivəsində İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.
Səfərin gizlinlərini "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə söyləyib ki, İsrail Prezidenti icraedici orqanın rəhbəri deyi:
"O daha çox ölkəni xaricdə təmsil edən bir şəxsdir. Digər tərəfdən son zamanlarda Azərbaycan İsrail münasibətləri inkişaf edən xətt üzrə irəliləyir. Həmçinin geosiyasi vəziyyət qarşılıqlı əlaqələrin hər iki ölkə üçün böyük təsiri olduğunu göstərir. İsrail Prezidentinin səfəri də bununla əlaqədardır. Ümumiyyətlə İsrail balaca bir dövlət olsa da, regionda çox böyük təsir gücünə malikdir. Ona görə də biz iki ölkə arasındakı əlaqələrdən danışanda, təkçə hərbi və təhlükəsizlik məsələlərinə diqqət yönəltməməliyik. Həmçinin iqtisadi əməkdaşlığa da nəzər salmalıyıq".
Analitik əlavə edib ki, İsrailin çox böyük elmi bazası var:
"Biz isə bundan yararlanmaq istəyirik. Məsələn İsrailin ərazisinin yarısından çoxu, səhralıqdır. Ancaq onlar buğdanın çətin şəraitdə becərilməsinə nail olublar. Həmçinin enerji, texnika, təhsil və səhiyyə sahəsində də İsrailin böyük uğurları var. Bu səfər çərçivəsində də səhiyyə ilə bağlı iki ölkə arasında sənəd imzalanacaq. Ümumiyyətlə isə İsrail Prezidentinin səfərləri konkret yox, daha ətraflı məsələlərin müzakirəsinə hesablanıb. Həmçinin rəsmi Bakı, Təl-Əviv üçün çox önəmli tərəfdaşdır. Çünki Azərbaycan regionda aparıcı ölkələrdən biridir. Digər tərəfdən İsrail bizim İranla qonşu olduğumuzu da nəzərə alır. Ona görə də Azərbaycanla əlaqələri sıx saxlayır. Səfəri yüksək qiymətləndirirəm . Bu gələcəkdə iki ölkə arasındakı əlaqələrin inkişaf xəttini daha da gücləndirəcək".