Sülh danışıqlarında oyunçuların sayı artır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Formatın genişlənməsi nəticənin əldə edilməsini uzada bilər

  Azərbaycan və Ermənistan rəhbərliyi arasında Kişineuda keçirilmiş qeyri-rəsmi görüşdə gözlənilənin əksinə, hər hansı sənəd imzalanmadı. Lakin bütün tərəflər görüşün müsbət keçdiyini və gələcək irəliləyişlərə ümid verdiyini qeyd etdilər. Görüşdən sonra Aİ Şurasının prezidenti Şarl Mişel azərbaycanlı jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müəyyən irəliləyiş var. Bu həm də ondan xəbər verir ki, növbəti görüşlərin və danışıqların qrafiki artıq müəyyən edilib. İyunun 12-də ABŞ-nin paytaxtı Vaşinqtondan çox da uzaqda yerləşməyən Arlinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri may görüşünün davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə yenidən müzakirələr aparacaqlar. İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bundan başqa, oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək “Avropa siyasi birliyinin” 3-cü Zirvə toplantısında Kişineu formatında görüş yenidən planlaşdırılır. Danışıqların intensivləşməsi belə qənaətə gəlməyə imkan verir ki, tərəflər dialoqu davam etdirmək əzmindədirlər. Doğrudur, Ermənistan bəzən bəzi məsələlərdə qeyri-konstruktiv yanaşma ilə bu prosesə mane olmağa çalışır. Amma o, yenə də sülhə alternativ olmadığından danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalır. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan da bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır. XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb: "Digər detalları əlavə olaraq bildirəcəyik". Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır. Onun sözlərinə görə, postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir: "Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı. Nəhayət, beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutdu. İki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparıldı. Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. Və yaxın zamanlarda yeni və növbəti görüşün Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub. Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil. Hələ də açıq qalan məsələlər var, tərəflər arasında tam razılıq əldə olunmayan məqamlar var. Ona görə də bu proses davam edəcək”.
  Ceyhun Bayramov qeyd edib ki, bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu, müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər. Əfsuslar olsun ki, biz onu da görürük ki, hətta bütün tərəflərin yanaşmaları bu sülh prosesinin irəli aparılmasında və iki ölkə arasında ən tez və qısa bir zamanda razılığın əldə olunmasına xidmət etmir". Nazir bu kimi halların Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini vurğulayıb. “Onlara dərhal adekvat cavablar verilir. Azərbaycan tərəfi öz gündəliyinə sadiqdir və təbii ki, bu və digər tərəflərin addımlarından asılı olmayaraq, Azərbaycanın dövlət maraqlarına cavab verən formada, beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən formada öz siyasətimizi davam etdirəcəyik”.
  Politoloq Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Moldovanın paytaxtı Kişineuda keçirilən beştərəfli qeyri-rəsmi görüş ümumi mənada pozitiv müstəvidə keçdi. Bunu görüş zamanı çəkilən fotolardan da görmək olar. Lakin gözlənildiyi kimi sülh sazişi bu görüşdə imzalanmadı: "Kişineu görüşü zamanı indiyə qədərki gündəlik yenidən müzakirə olunub. İyulun 21-də Brüsseldə növbəti görüş olacaq. Brüssel görüşünün əsas müzakirə mövzusu da yenə təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi olacaq. Bunu da müsbət bir məqam olaraq qiymətləndirmək olar. Şarl Mişelin bəyanatında diqqətçəkən bir məqam da Prezident İlham Əliyevi, Baş nazir Paşinyanı, kansler Şoltsu və Prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətində olduğunu deməsidir. Növbəti beştərəfli görüşlə bağlı razılıq mahiyyət etibarilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün başlanan prosesdə oyunçuların sayının artması deməkdir. Bu isə öz növbəsində prosesdə iştirak edən qüvvələrin maraqlarının artdığını göstərir. Formatın genişlənməsi nəticənin əldə edilməsini uzada bilər. Xüsusilə Fransanın olduğu bir formatda real nəticənin əldə edilməsi çətindir. Lakin xoşbəxtlikdən əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır və Fransa ilə Almaniyanın iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyır".
  Ekspertə görə, buna baxmayaraq, Berlinin proseslərdə iştirakı rəsmi Bakının İrəvanın Parisi prosesə daxil etmək cəhdlərinə bir cavabdır: "Azərbaycan yaxşı başa düşür ki, Almaniya və Fransa Avropada təbii rəqiblərdir. Berlin Britaniyanın Avropa İttifaqından çıxması fonunda Fransanın təkbaşına liderik etməsini heç vaxt qəbul etməyəcək. Buna görə də Almaniyanın formatda olması Fransa faktorunun bloklanması baxımından önəmlidir. Kişineu danışıqlarında müsbət məqamlar olsa da, nəticə etibarilə bu da Moskva görüşü kimi nəticəsiz qaldı. Təcrübə göstərir ki, nəticəsiz görüşlər həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də Qarabağda gərginliyi artıra bilər. Onsuz da Azərbaycan bütün vasitələrindən istifadə edərək Qarabağı danışıqlar masasından kənarda saxlamağa çalışır. Rəsmi Bakı bunu daxili məsələsi olaraq gördüyü üçün separatizmə qarşı praktik addımlar atması istisna deyil. Lakin Qərb formatında nəticəsiz görüşlərin davamlı xarakter alması öz növbəsində Ermənistan-Azərbaycan şərti sərhədində gərginliyin artmasına gərtirib çıxara bilər".