"İstənilən halda cinayət işi başlanmalıdır"  - Sahib Məmmədov 

"Dövlət Sərhəd Xidmətinin yaydığı məlumat sübut olunarsa bu çox ciddi bir pozuntu sayılacaq"


Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilir ki, Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb.
 Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu faktlar barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədi buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılır.

Hüquq müdafiəçisi Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, bu dəfə Beynəlxalq Qırmızı Xaç özü öz emblemindən Beynəlxalq Qızıl Xaçın prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün istifadə edib: 

- İstənilən halda cinayət işi başlanmalıdır. Cinayət Məcəlləsinin 119-cu maddəsi  müdafiə olunan nişanlardan sui-istifadəni qadağan edir. 119.1 bəndində qeyd edilir ki, hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə qadağandır. Bu cür qanunsuz istifadəyə yol verənlər 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 119.2 bəndində isə qeyd edilir ki, ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 5 ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

S.Məmmədov qeyd etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi beynəlxalq publik hüququn subyekti deyil və beynəlxalq təşkilat sayılmır. Onun fəaliyyəti hər hansı bir beynəlxalq razılaşma ilə tənzimlənmir. BQXK dövlətlərlə ikitərəfli razılaşmalar əsasında öz mandatına ciddi əməl etməklə fəaliyyət göstərir: 

- BQXK mandatını icra etmək məqsədi ilə hətta de-fakto fəaliyyət göstərən hakimiyyətlərlə, hətta üsyançı qrupların rəhbərləri ilə razılaşmaya gedə və mandatını yerinə yetirə bilər. Bu zaman BQXK ciddi surətdə özünün 7 fundamental prinsipinə əməl etməlidir.  Bunlar: Humanizm. Qərəzsizlik.Neytrallıq.Müstəqillik.Könüllü xidmət.Vahidlik. Universallıqdır.
Dövlətlər beynəlxalq razılaşmalarla BQXK simvolları olan nəqliyyat vasitələrinin, tikililərin mühafizəsinə görə məsuliyyət daşıyır. Hərbi konfiliktlər dövründə bu simvollar altında olan istənilən nəqliyyat, tikili və s. toxunulmazdır. Amma BQXK-da öz mandatından kənara çıxa bilməz. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumat sübut olunarsa bu çox ciddi bir pozuntu sayılacaq. Fikrimcə BQXK-nın Cenevrə ofisinə bütün sübutlar təqdim edilməli və cavab gözlənilməlidir. BQXK özü belə hala dözümsüzlük göstərməlidir. Çünki söhbət BQXK-nın reputasiyasından gedir.