Bütün xarici şirkətlər Azərbaycan qanunlarına tabe olmalıdır


İctimai və dövlət maraqlarının müdafiəsi;

Cənab Prezidentin qətiyyətli çıxışı xalqın mənafeyi və dövlət maraqlarımızı hər şeydən üstün tutduğunun növbəti təsdiqidir

“İşçilərin neçə faizi yerli əhalidən olacaq, şirkət hansı sosial layihələr, humanitar aksiyalar keçirəcək, bunlar müqavilələrdə əksini tapmalıdır. Yoxsa ki, hansısa xarici şirkət gəlsin, burada pul qazansın, amma dövlətimiz ziyan çəksin, əhali ziyan çəksin, belə olmamalıdır”

  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin gələcək inkişafının konturlarını aydın göstərdi.  Həmçinin cənab Prezident çıxışında Söyüdlü qızıl mədəni ətrafında baş verən hadisələrə də toxundu, səhlənkarlıq etmiş dövlət qurumları ilə yanaşı, yalnız öz mənfəətini güdən xarici şirkətlər haqqında da tənqidi fikirlər səsləndirdi. Prezident Gədəbəy rayonunda baş vermiş hadisənin tamamilə qəbuledilməz olduğunu dedi: “Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”. Dövlət başçısı hesab edir ki, bu hadisənin təbii səbəbi də var. “O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram”. Prezident qeyd edib ki, həm ona, həm də ictimaiyyətə ətraflı məlumatın çatdırılması üçün aidiyyəti qurumlara bir həftə vaxt verir. 
  Cənab Prezidentin qətiyyətli çıxışı xalqın mənafeyi və dövlət maraqlarımızı hər şeydən üstün tutduğunun növbəti təsdiqidir. Təsadüfi deyil ki, müşavirədə ölkə başçısı xarici şirkətlərin Azərbaycan qanunlarına hörmət edərək fəaliyyətlərini mövcud qanunlar çərçivəsində tənzimləməli olduqlarını da vurğuladı: “Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir. Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz “AzerGold” da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!”. 
 Ölkə rəhbərinin müşavirədə səsləndirdiyi sərt tənqidlərin yerində olduğunu söyləyən hüquq müdafiəçisi, D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, bütün xarici şirkətlər ilk növbədə Azərbaycan qanunlarına tabe olmalıdırlar: 
"Vaxtilə mən də, həyat yoldaşım da geoloji-kəşfiyyat ekspedisiyası tərkibində ölkəmizin bir çox ərazilərində işləmişik, təbii qazıntı mənbələrini kəşf etmişik. Vejnəli yatağında, Filizqayada, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Balakən... çox yerlərdə olmuşuq, birgə işləmişik. O zaman sovet quruluşu idi və sovet rəhbərliyinin çox da vecinə deyildi Azərbaycanda ekologiya pozulur, ya pozulmur. Amma biz çalışırdıq ki, təbiətə və xüsusən də insanlara, yerli camaata ziyan vurmadan işləyək. Kəşfiyyat işləri üçün əvvəlcə quyular qazılırdı ki, təbii ehtiyatlar onlar vasitəsilə əldə edilsin, ətrafa ziyan dəyməsin. Kəşfiyyat işləri aparılan ərazilərdə yerli əhali üçün evlərin tikilməsinə nail olurduq. Əhali ilə söhbət edirdik, problemlərini öyrənirdik, həll etməyə çalışırdıq. Bunu özümüzə borc bilirdik, vicdan məsələsi hesab edirdik ki, əgər burada, onların yaşadığı ərazidə kəşfiyyat, qazıntı aparırıqsa, əhaliyə də kömək etməliyik. Söyüdlü kəndində iş görən şirkət də belə etməliydi. Əhali ilə təmas qurmalıydı, camaatla dil tapmalıydı, onların sosial problemlərini həll etməliydi. Amma əksinə fəaliyyət göstəriblər. Əhaliyə kömək etmək əvəzinə, örüş sahələrini, otlaqlarını zəbt edirlər. Ekologiyaya ziyan vururlar, əhalinin sağlamlığı təhlükə altına düşür. Bunu hər bir şirkət, hansı xarici şirkət olursa-olsun, bilməlidir ki, Azərbaycanda çalışırsa, bu ölkənin qanunlarına, bu ölkənin vətəndaşına hörmət etməlidir.  Bəli, bizə - ölkəmizə maliyyə lazımdır. Xüsusən Qarabağda yenidənqurma, bərpa işlərinin aparıldığı indiki dövrdə. Bizə qızıl da lazımdı, neft də, qaz da, digər təbii ehtiyatlar da. Hamı bilir ki, Azərbaycan zəngin ölkədir. Yerin  altı da qızıldır, üstü də. Yerin üstünü zənginləşdirən qızıl insanlarımızdı. İlk növbədə insanların sağlamlığı, sosial rifahı nəzərə alınmalıdır. Cənab Prezident də müşavirədə bunu vurğuladı. Dedi ki, insanlar haqlı olaraq etiraz səslərini ucaldıblar. Çünki insanların sağlamlığına, təbiətə zərbə dəyə bilər. Eyni zamanda dövlətə ziyan dəyəcək. Bu gün ekologiyaya ziyan vurulmaqla təbii ehtiyatlar əldə edilirsə, sabah biz təbiətdən heç nə ala bilməyəcəyik.  Mən bir geoloq olaraq bunu deyirəm ki, insanlar təbiətlə sıx təmasda olmalı, təbiətin səsini dinləməlidirlər".      
  N.Cəfəroğlu xarici şirkətlərin fəaliyyətinin ölkə qanunları çərçivəsində tənzimlənməli olduğunu dedi: 
"İndi dünyada ekologiyanın mühafizəsinə də ciddi fikir verilir, əmək hüquqlarının müdafiəsinə də. Xarici şirkətlər hansı dövlət qurumu və ya özəl şirkətlə tərəfdaşlıq edirsə, mütləq müqavilə bağlanmalı və fəaliyyət ölkə qanunlarının əks olunduğu müqavilə şərtləri əsasında aparılmalıdır. İşçilərin neçə faizi yerli əhalidən olacaq, şirkət hansı sosial layihələr, humanitar aksiyalar keçirəcək, bunlar müqavilələrdə əksini tapmalıdır. Yoxsa ki, hansısa xarici şirkət gəlsin, burada pul qazansın, amma dövlətimiz ziyan çəksin, əhali ziyan çəksin, belə olmamalıdır. Hər bir dövlət qurumu, hər bir müəssisə, şirkət öncə dövlətimizin və vətəndaşlarımızın marağını düşünməli, fəaliyyətini bu istiqamətdə tənzimləməlidir".