Meşəli sakinləri tələblərində tamamilə haqlıdır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Müharibə cinayətlərinin iştirakçıları son nəfərinədək cinayət məsuliyyətinə cəlb edilməli, barələrində hüquqi prosedur gerçəkləşməlidir

  “...Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirib. Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. İkinci Dünya müharibəsi zamanı Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev illər əvvəl, torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalı davam etdiyi zamanlarda söyləyib. İllər öncə Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edən cənab Prezident erməni faşizminin ifşa olunacağını, xalqımıza qarşı soyqırım törətmiş canilərin bir gün ədalət məhkəməsi qarşısında mütləq dayanacağını söyləmişdi. O gün yetişdi. Və 44 günlük Vətən müharibəsində zəfər çalan xalqımız tarixi torpaqlarında suverenliyini bərpa etdi. Sonrakı mərhələdə də dövlətimiz suveren hüququndan istifadə edərək Xankəndiyə aparan yolda - Laçın sərhəd-keçid məntəqəsi yaradıldı və nəzarət imkanlarını artırdı. Dövlətimizin atdığı məqsədyönlü addımların nəticəsidir ki, Qarabağda bəşəri cinayətlər, tarixdə, analoqu yalnız Faşist Almaniyasında yaşanmış dəhşətli faciələr törədənlər bir-bir yaxalanmaqdadır. Onlardan biri də Vaqif Xaçaturyandır. Baxmayaraq ki, ermənilər xislətlərinə uyğun olaraq yenə də şüvən salıb, bu caninin həbsini “insan oğurluğu” kimi qələmə verməyə çalışır, onun törətdiyi cinayətlərin canlı şahidləri – Meşəli sakinləri həyatdadır və onlar insanlıq əleyhinə bu cinayətləri bütün dünyaya dəqiq anlatmağa qadirdilər. Xatırladaq ki, Meşəli soyqırımı 1992-ci il dekabrın 23-də baş verib. Həmin gün MDB qoşunları tərəfindən bir qədər əvvəl silahsızlaşdırılmış kənd sakinləri hücum edən tərəfə qarşı müqavimət göstərməyə çalışıb, lakin bir neçə saat davam edən qeyri-bərabər döyüşlərdən sonra ətrafdakı meşəliyə çəkiliblər, kənd ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələrinin əlinə keçib. Həmin gün Azərbaycan qüvvələri əks-hücum edərək kəndə nəzarəti bərpa ediblər. Meşəli kəndinə daxil olan azərbaycanlılar evlərin və tövlələrin yandırıldığını, kənddə mülki əhaliyə qarşı qətliam törədildiyinin şahidi olublar. Qətliam zamanı 28 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün düşüb, kənd isə erməni separatçıları tərəfindən yerlə-yeksan edilib. Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan 2023-cü ilin 29 iyul tarixində Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanıldı. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi. V.Xaçaturyan barəsində qəbul edilmiş qərara uyğun olaraq həbs edilib. Ermənistan tərəfi hər nə qədər bu cinayətkarı “günahsız keçi” kimi göstərməyə cəhd etsə də, Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə ünvanladığı açıq məktub erməni separatçılarının iyrəncliyini, alçaq hərəkətlərini, vəhşi davranışlarını, bəşəri cinayətlərini aşkar etməyə yetərlidir. Meşəli sakinləri açıq məktubda qeyd edirlər ki, 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyır. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb. Meşəlidə törədilmiş soyqırımla 32 ildir heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, sanki heç nə olmamış kimi davranıblar. “Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər. Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir! Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb, biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük. Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab versinlər. Biz bu ədalət anını on illərdir gözləmişik, bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Onlara bəraət qazandırmağa, azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçaturyanın aqibəti gözləyir. Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir”. Meşəli sakinləri qeyd edir ki, vaxtında Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsə idi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və daha neçə-neçə Azərbaycanın yaşayış məntəqələrində təkrar olunmazdı. Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu. II Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır.
  Meşəli sakinlərinin tələblərində tamamilə haqlı olduğunu deyən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünaz Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, müharibə cinayətlərinin iştirakçılarının hamısı, son nəfərinədək cinayət məsuliyyətinə cəlb edilməli, barələrində hüquqi prosedur gerçəkləşməlidir:
- Meşəli sakinləri əlbəttə, tələblərində haqlıdırlar. Məlum məsələdir ki, Ermənistan tərəfi yenə də dünya ictimaiyyətini aldatmağa səy edir, Meşəlidə, ümumiyyətlə, Qarabağda hər hansı soyqırım aktının olmasını inkar etməyə çalışır. Amma tarix yalanları sevmir. Tarixi həqiqətlər həmişə üzə çıxır. Meşəli sakinləri, o faciəli gündə erməni vəhşiliyinin şahidi olanlar bu gün həyatdadır. Onlar canlı şahidlərdir. Arxiv materialları var, sənədlər var. Bunlar olmasa belə, erməni canilərinin özlərinin etirafları var, azərbaycanlılara necə işgəncə veriblər, körpələri, qadınları, qocaları necə, hansı işgəncələrlə öldürüblər. Onlara insan belə demək olmaz, bu canlılar törətdikləri vəhşilikləri utanmadan, çəkinmədən, hətta fəxrlə danışırlar, kitablar yazıblar bu barədə. Cinayətkarlar cinayətlərini etiraf edir, Ermənistan dövləti yenə də “yox, belə olmayıb”, deyir. V.Xaçaturyanın həbsi tamamilə qanunidir, onun hansı maddələrlə ittiham edildiyi də bəllidir. Azərbaycan dövləti hüquqi prosedurları icra edir.
  Ə.Nuriyev qeyd etdi ki, V.Xaçaturyanın həbsində vacib məqamlardan birinin də Meşəli sakinlərinin həmin vaxt törədilmiş müharibə cinayətlərini dünyaya açıq məktubla bildirməsidir:
- Biz uzun illər dünya ictimaiyyətinin Qarabağ həqiqətlərini bilməməsindən əziyyət çəkmişik. Səsimizi lazımi qaydada beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdıra bilməmişik. Lakin son zamanlar, xüsusilə də 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizdən sonra ictimaiyyət də aktivləşdi. Bunu Qarabağ sakinlərinin timsalında da görürük. Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə açıq müraciəti geniş əks-səda doğurub. Xatırladım ki, Bosniya və Herseqovinadan olan jurnalist, “Preporod” qəzetinin redaktoru, "Srebrenitsa və Zepa anklavlarının Anaları Hərəkatı"nın üzvü Ayşə Hafizoviç-Hacımeşiç Meşəli sakinlərinin açıq məktubu barədə danışıb. Deyib ki, Meşəli sakinlərinin haqq-ədalət uğrunda mübarizəsini dəstəkləyirlər. Bosniyada insanlığa qarşı törədilən cinayətlərin qurbanı olan Srebrenitsa soyqırımının qurbanları Meşəli cinayəti qurbanlarının ağrısını hiss edirlər. Dünyanın heç bir yerində bu cür vəhşiliklər təkrarlanmamalıdır. Bu gün Azərbaycandan olan dostlarımızla biz məsuliyyətə, ədalətə səsləyirik, çünki ədalətsiz sülh olmaz. Keçmişdə baş verənlərə göz yumulmalıdır. Bəşəriyyətin gələcəyi naminə gələcəkdə belə vəhşiliklərin təkrarlanmaması üçün ədalətin təmin olunması üçün səyləri birləşdirmək lazımdır. Hesab edirəm ki, V.Xaçaturyan və Azərbaycan xalqına qarşı bəşəri cinayətlər, soyqırım törətmiş, soyqırım aktlarında hər hansı şəkildə iştirakı təsdiqlənən şəxslər açıq məhkəmədə mühakimə olunmalıdır. Necə ki, II Dünya müharibəsindən sonra nasistlər Nürnberg məhkəməsində mühakimə edildilər, erməni cinayətkarları da bu şəkildə ədalət məhkəməsi qarşısında dayanmalıdır. Bu məhkəmə prosesləri bütün dünyaya yayımlanmalıdır. Dünya görsün ki, onlar xalqımıza qarşı necə cinayətlər törədiblər.