Rusiya və Çin bu həftə Alyaska sahillərinə dəniz qüvvələrini göndərib.
Bu, tarixdə ABŞ sahillərinə gələn ən böyük xarici hərbi donanma olub.
ABŞ rəsmilərinin məlumatına görə, Rusiya və Çinin 11 gəmisi Aleut adalarına yaxınlaşıb. Gəmilər Alyaska yaxınlığındakı bölgəni patrul edib və ABŞ-nin ərazi sularına daxil olmayıb.
“Bu, tarixdə bir ilkdir. Ukraynadakı müharibənin kontekstini və Tayvan ətrafındakı gərginliyi nəzərə alsaq, bu addım təxribat xarakterlidir”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Brent Sadler bildirib.
ABŞ Şimal Komandanlığının nümayəndəsi Rusiya Federasiyası və Çinin Alyaska sahillərində patrul apardığını təsdiqləyib, lakin gəmilərin sayını açıqlamayıb. O qeyd edib ki, insident təhdid kimi qiymətləndirilməyib.
Eyni zamanda, Alyaskadan olan senator Den Sallivan bildirib ki, Rusiya-Çin patrulu ABŞ-yə “avtoritar təcavüzün yeni dövrə” qədəm qoyduğunu xatırladır. ABŞ-dəki Rusiya və Çin səfirlikləri məsələ ilə bağlı mətbuatın sorğusuna cavab verməyib.
Rusiya və Çinin ABŞ-yə açıq mesaj verdiyini söyləyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, onlar aralarındakı münasibətlərin daha dərin olduğunu göstərir:
"Çünki Qərbdə belə bir illuziya var ki, Rusiya ilə Çin çox kövrək müttəfiqdirlər və ilk fikir ayrılığında bu ittifaq parçalanacaq. Ancaq çox qəribədir ki, Yaxın Şərqə açıq müdaxilə etməyən Çin Suriyada Kremlin mövqeyini təkrar edirdi. Demək, iki ölkənin arasında dərin koordinasiya var. ABŞ isə Çinlə Rusiyanın bu cür yaxınlaşmasının qarşısını almaq üçün uzun müddətdir çalışır. Yəni gah, Çin şirkətlərinə sanksiyalar tətbiq edir, gah da münasibətləri yaxşılaşdırmaq üçün həvəsləndirir. Lakin görünür ki, bunlar kifayət etməyib. Hətta bu yaxınlarda rəsmi Pekin və Vaşinqton münasibətlərinin memarı sayılan Henri Kissincerin Çi səfəri nəzərdə tutulmuşdu. O Çin rəhbərliyini ABŞ-lə daha yaxın münasibətlər formalaşdırmağa dəvət etməliydi. Görünür, burda da bir uğur əldə olunmayıb. Eyni zamanda Çin daxilində də avtoritarlaşma gedir. Xüsusən də Qərblə yaxınlaşmanın, liberal dəyərlərin tərəfdarı olan şəxslər siyasi piramidadan uzaqlaşdırılır. Bəzən həbs və ya edam qərarları verilir. Digər tərəfdən isə Rusiyaya yaxın şəxslər daha sürətlə yüksəlir. Si Cinpin öz hakimiyyətini gücləndirməyə qərarlıdır və bu yolda Qərbi təhlükə, Rusiyanı isə müttəfiq kimi görür. Digər tərəfdən isə o öz hakimiyyətini gücləndirmək üçün, Sakit okean hövzəsində, xüsusən də Tayvan məsələsində güzəştə getməməyi düşünür. Bu məsələdə Rusiya Çini dəstəkləyir, ABŞ isə açıq şəkildə Tayvanı müdafiə edir. Ona görə də Si Cinpinin hakimiyyəti dövründə ABŞ və Çinin yaxınlaşması mümkünsüz görünür".
Analitikin sözlərinə görə, Alyaska sahillərində birgə patrulun həyata keçirilməsi Ağ evə mesajdır:
"Ukrayna tərəfinin uğursuz əks-hücum həyata keçirməsi Moskvanı ruhlandırıb. Çünki biz eyni vaxtda Belarusda toplaşmış vaqnerçilərin Polşaya hücum hədələrini eşidirik, digər tərəfdə isə Çin və Rusiya birbaşa ABŞ-nin sahillərinin yaxınlığında hərbi təlimlər keçirirlər. Həmçinin bu yaxınlarda başqa bir görüntü də gündəm oldu. Belə ki, Şimali Koreyada baş tutan hərbi paradda Kim in qonağı Rusiyanın müdafiə naziri Sergey Şoyqu idi. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Şimali Koreyanın Amerikaya tuşlanmış nüvə sınaqlarının şahidi ola bilərik. Yəni artıq Çini də yanına alan Rusiya ABŞ-yə qarşı daha böyük aqressiya nümayiş etdirir. Ola bilsin bu ya Ukrayna məsələsində Qərbi masaya oturmaq cəhdidir, ya da Kreml asan təslim olmayacağını, Çin isə onu tək qoymayacağını göstərir".