Yeni məktəb binalarının tikintisi təhsilin inkişafına xidmət edir

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Hər cür şərait yaradılır, ən müasir avadanlıqlarla təchiz edilir. Bunlarla işləyə biləcək müəllimlər orda çalışmalıdır

Belə olacağı təqdirdə biz qarşıya qoyulan məqsədimizə çatarıq, şagirdlərimiz də dünya təhsil sisteminin bir parçası olar 

  Prezident İlham Əliyevin təhsil müəssisələrini ziyarəti Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi ilə başlayıb. ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verərək bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən görkəmli şəxsiyyətlər - Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Suleyman Sani Axundov, Üzeyir bəy Hacibəyli Qori Seminariyasını bitiriblər. 1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firudin bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev isə 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Bu tarixi binada 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq. H.Paşayev qeyd edib ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üç mərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır. Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur. Məlumat verildi ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Qazaxdan sonra Şəmkir şəhərinə səfər edən cənab Prezident burada Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Azərbaycan Prezidentinin “Şəmkir şəhərində yeni ümumtəhsil məktəb binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub. Eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.  Samuxa səfəri çərçivəsində isə Prezident İlham Əliyev Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, bir neçə il əvvələdək Sərkar kənd musiqi məktəbi 1935-cu ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib. Məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşüb. 2021-ci ilin iyul ayından Heydər Əliyev Fondu tərəfindən üç yüz şagird yerlik yeni məktəbin inşasına başlanılıb. Tikinti işləri həmin ilin noyabrında yekunlaşıb. Məktəb binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda bu günədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Eləcə də həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib. Daha sonra Bərdəyə səfər edən cənab Prezident Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış olub. Məlumat verilib ki, Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək. Dövlətimizin başçısına ölkəmizdə peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. 

  Görülən işlərin miqyasının geniş olduğunu deyən professor Rafiq İsmayılov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, əlbəttə ki, təhsilin inkişafına xidmət edir: 

"Yeni təhsil müəssisələri tikilirsə, bu, ilk növbədə şagird sıxlığının aradan qaldırılacağı deməkdir. Məlumdur ki, orta məktəblərlə bağlı problemlərdən biri də şagird sıxlığıdır. Uşaqların dərsləri nə qədər tez, yaxşı mənimsəməsi həm də bir sinifdəki şagird sayından çox asılıdır. Şagird sayı norma daxilində olduqda, müəllim də dərsini rahat tədris edə bilir, 45 dəqiqə ərzində daha çox şagirddən keçirilmiş dərsi soruşa bilir, şagirdlərin keçilmiş dərsi nə dərəcədə mənimsədiklərini müəyyən edir. Yeni dərsin izahına da lazımi qədər zaman qalır, şagirdlərlə daha çox ünsiyyətdə ola bilir. Bu probemlər yaranmasın, azalsın deyə, yeni məktəb binalarının tikintisi vacibdir. Yeni məktəb binaları, peşə liseyləri tikilir, peşə hazırlığı mərkəzləri açılır. Bunlar hamısı müsbətdir. Amma müasir tədris binalarının olması, oradakı təhsilin də müasir tələblər, dünyanın qabaqcıl təhsil sistemləri ilə ayaqlaşacağına zəmanət vermir. Təhsilimizin dünya standartlarına cavab verməsini istəyiriksə, pedaqoji heyətin də yüksəksəviyyəli olmasına çalışmalıyıq. Müasir müəllim müasir təhsil sisteminə bələd olmalıdır. Yeni tikilmiş məktəblərdə görürük ki, hər cür şərait yaradılır, ən müasir avadanlıqlarla təchiz edilir. Bunlarla işləyə biləcək və hətta deyərdim ki, buna həvəsi, marağı olan müəllimlər də orda çalışmalıdır. Belə olacağı təqdirdə biz qarşıya qoyulan məqsədimizə çatarıq, şagirdlərimiz də dünya təhsil sisteminin bir parçası olar".