Əsir vətəndaşlarımız tezliklə Vətənə qaytarılacaq

Azərbaycan tərəfində də erməni əsirləri var və bu, əsirlərin qarşılıqlı dəyişdirilməsinə şərait yaradan amildir


  Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan 2 Azərbaycan vətəndaşına yenidən baş çəkib. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova danışıb. O bildirib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
BQXK-nin növbəti addımları Ermənistan tərəfindən əsir götürülmüş vətəndaşlarımızın geri qaytarılacağına ümidləri artırırmı? Həmçinin Meşəli soyqırımında iştirak etmiş Vaqif  Xaçaturyan və Azərbaycan-Ermənistan  dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhəddini qanunsuz keçdiyinə görə Ermənistan vətəndaşı Rəşid Beqlaryanın həbsi əsirlərimizin tezliklə geri qaytarılmasına zəmin ola bilərmi? 
  “Sherg.az"a açıqlamasında Beynəlxalq İnsan Hüquqları  Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd etdi ki, Ermənistan tərəfinin əsir aldığı Azərbaycan vətəndaşlarının tezliklə geri qaytarılacağına inanır: 
"Bu məsələnin tezliklə həll olunacağına ümid edirəm. Əsirlərin geri qaytarılması hər iki tərəfin marağındadır. Azərbaycan tərəfində də erməni əsirləri var və bu, əsirlərin qarşılıqlı dəyişdirilməsinə şərait yaradan amildir. Sözsüz ki, bu istiqamətdə dövlət səviyyəsində rəsmi qurumlar tərəfindən iş aparılır, danışıqlar gedir.  Sadəcə, bizə danışıqların tam məzmunu bəlli deyil.  BQXK də öz mandatı çərçivəsində fəaliyyət göstərir. Amma BQXK nümayəndələrinin əsirlərimizə tez-tez baş çəkməsi, onlara ailələri ilə telefonla əlaqə saxlamaq imkanı yaratmaları, ümidləri artırır. Əsas odur ki, əsirlərimiz sağ-salamatdılar. İnanıram ki, tezliklə azad ediləcəklər". 

  S.Bənənyarlı qeyd etdi ki, əsirlərin nə zaman azad ediləcəyi həm də proseslərin necə cərəyan edəcəyindən asılıdır:
 "Məlumdur ki, Azərbaycan Ordusunun əsgərləri  2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu qeyri-döyüş şəraitində Ermənistan tərəfindən əsir alınıblar. Onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azıb itkin düşüblər. Ermənistan tərəfi isə adətinə uyğun olaraq onları etmədikləri cinayətlərə görə ittiham edir, barələrində ağlır maddələrlə cinayət işi qaldırılıb. Biz səy göstərməliyik ki, vətəndaşlarımızın məhz qeyri-döyüş şəraitində əsir alındığını beynəlxalq təşkilatlara çatdıraq. Azərbaycan vətəndaşlarına qarşı Ermənistan tərəfinin necə qəddar davrandığını faktlarla sübut edək. Bu faktlar əlimizdədir, əsgərimizə necə işgəncə verildiyini əks etdirən videomaterial var. Halbuki Azərbaycan tərəfi erməni əsilli əsirlərlə hər zaman humanist davranıb. Bunu onların özü də həmişə təsdiqləyir. Hətta Meşəli soyqırımında azərbaycanlıları qətlə yetirmiş Vaqif Xaçaturyana  qarşı da humanist davranılır. Ermənistan tərəfi isə adi mülki şəxslərə qarşı qəddar və insanlıqdan kənar davranır".