Ermənilər yeməklərimizə çoxdan “əl qoyublar”  - Almaz Ülvi Binnətova 

"Mənim sosial şəbəkə hesabım üzərindən  ünvanıma toylarından fraqmentlər göndərirlər. Musiqi bizim, rəqslər bizim, törənlər hamısı bizim... "

"İllərdir dolma, lavaş söhbətlərini - oğurluqlarını sosial şəbəkələrdən oxuyuruq.  İranın bu fitnələrin baş ssenaristi olduğunu da çoxdan bilirik. Fürsət, imkan olduqca yerindəcə cavabıarını şapalaq kimi ağızlarına vurmaq lazımdır"


Ermənistan oğru xislətindən əl çəkmir. Türk mədəniyyətinə aid maddi, mədəni hər nə varsa özünküləşdirməyə çalışan Ermənistan türk-Azərbaycan mətbəxini indi də “İran məbəxi” adı altında təbliğ etməyə səy göstərir. Avqustun 10-da Sünik (Zəngəzur) inzibati vilayətinin Qarakilsə şəhərində “Navasard” erməni-İran mədəniyyət və qastronomiya festivalı keçiriləcək. 

Bu barədə Ermənistan mənbələri bu ölkənin Turizm Federasiyasının prezidenti Mexak Apresyana istinadən  məlumat yayıb. M.Apresyan festivalın zəngin proqramı olduğunu bəyan edib: 

“Bu, unikal regional turizm məhsuludur. Dəyişən dünya turizm bazarında turist axınını bizə istiqamətləndirən mühüm amildir. Bu tədbir mədəni irsin təbliği, mətbəxin təqdimatı və Ermənistan-İran dostluğunun nəticəsi baxımından çox önəmlidir”. Zəngəzur Turizm Komitəsinin sədri Sisian Boqosyan isə bəyan edib ki, İran turistləri cəlb etmək üçün hədəf bazarlardan biridir: “İran bizim üçün vacib bazardır, belə festivallar Ermənistanda daha maraqlı atmosfer yaratmağa və İrandan daha çox turist cəlb etməyə kömək edir”. Bildirilir ki, festivalda İran mətbəxinin ləziz təamları təqdim olunacaq. İranın Ermənistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Məhəmməd Əli Kian müxtəlif qastronomik və mədəni tədbirlər təşkil ediləcəyini və mütləq “qormesabzi” (göyərti, lobya, ət) və “fesenjun” (toyuq, qoz və nar pastası) yeməklərini təklif edib: “Festival üçün bizə 20 stend ayrılmışdı. Keyfiyyətli iştirakın təmin edilməsi üçün hər şeyi etdik. Biz yerli insanlara burada İran mətbəxinin də bazarının olduğunu göstərməyə çalışırıq”. Məlum məsələdir ki, İran mətbəxi kimi təqdim olunan “qormesabzi” və “fesenjun” sırf Azərbaycan mətbəxi hadisəsidir. Sözlərin etimologiyası da bunu təsdiqləyir- qormesabzi- səbzi qovurma sözünün (qovurma sırf türk-Azərbaycan sözdür), “fesenjun” isə talış dilindən alınma “fisincan” sözünün təhrif olunmuş formasıdır.  Lakin mətbəxə aid vəsaitlərdə bu təamın Şimali İranda yarandığı göstərilir.

Qədim türk - Azərbaycan torpağı Zəngəzurda belə bir festivalın təşkil edilməsinin həm də siyasi çalarlar daşıdığını deyən, əslən Qərbi Azərbaycanın Basarkeçər bölgəsindən olan yazıçı-publisist, filologiya elmləri doktoru,  Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbən müdürü Almaz Ülvi Binnətova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əslində, burada təəccüblənəcək yeni bir şey yoxdur: 

- Bütün bunlar 200 illik fars - rus - erməni  işğalçılıq, talançılıq siyasətinin tərkib hissəsi kimi davam edir. Son 30-35 illik işğalçılıq siyasətlərinin iç üzü açıqaşkar ortalıqdadır. İndi hər kəs siyasəti az-çox anlayır deyə, qaranlıq bir şey qalmayıb. Mənim sosial şəbəkə hesabım üzərindən  ünvanıma toylarından fraqmentlər göndərirlər. Musiqi bizim, rəqslər bizim, törənlər hamısı bizim... Yeməklərimizə də çoxdan “əl qoyublar”. İllərdir dolma, lavaş söhbətlərini - oğurluqlarını sosial şəbəkələrdən oxuyuruq.  İranın bu fitnələrin baş ssenaristi olduğunu da çoxdan bilirik. Fürsət, imkan olduqca yerindəcə cavabıarını şapalaq kimi ağızlarına vurmaq lazımdır. İndi də səbzi-qovurmamız, fisincan (kənddə biz bu yeməyin adına, yanılmıramsa,  süddü-düyü bə ya çəkmə deyərdik) kimi milli yeməklərimizi sərgiləyirlər. Cavablarını verməliyik, iradlarımızı beynəlxalq səviyyədə, UNESKO-dək bildirməliyik.