“Ümid edirəm ki, bu gün hər üç oyunda tribunalar azarkeşlərlə dolacaqdır. Qarabağ FK Neftçi PFK Sabah FC UĞURLAR!”
Bunu gənclər və idman naziri Fərid Qayıbov öz Facebook hesabında yazaraq 70 - ci illərə aid bir fotoşəkil də yayımlayıb.Şəkildə stadionda boş bir kreslo da yoxdur. Nazirin nəyə işarə etdiyi, nə mesaj ötürdüyü bəllidir.
"Neftçi" və "Sabahın" bu gün qalib gələcəyini vurğulayan millət vəkili Aqil Abbas "Sherg.az"a deyib ki, ölkədə "Beşiktaş" azarkeşlərinin sayının öz komandamıza dəstək olanlardan 10 dəfə çox olmasından təəssüf edir:
"Mən demirəm ki, "Beşiktaş"a azarkeşlik etməyin, ancaq "Neftçi" ilə oyunda öz komandamıza dəstək olmaq lazımdır. Düzdür biz bir millətik, amma "Neftçi" qala-qala niyə "Beşiktaş"a azarkeşlik etməliyəm axı? Əgər " Beşiktaş " başqa bir komanda ilə oynasaydı əlbəttə ona dəstək olacaqdım. Ümumiyyətlə , oyunu dəyərlədirsək deyə bilərik ki, komandalrımızın köklü klublarla oyuna çıxması Azərbaycan futbolunun inkişafında müəyyən rol oynayır".
Qeyd edək ki, bu gün “Sabah” və “Neftçi” klubları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
Murad Musayevin baş məşqçisi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşacaq. “Bank Respublika Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.
“Ağ-qaralar” isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcəklər. “Neftçi Arena”da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.