Əkbər Qoşalı “Abay günləri”ndən "Şərq"ə danışıb

Türküstan ellərində bayramdı...


  Türk dünyası qazax xalqının görkəmli oğlu Abay Kunanbayevin doğum ildönümünü qeyd edir. Hazırda Türküstan ellərində “Abay günləri”dir. Bu barədə “Sherg.az" Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair Əkbər Qoşalı məlumat verdi. Ə.Qoşalı qeyd etdi ki, 10 avqust hər il Qazaxıstanda, eləcə də bütün Türküstan ellərində “Abay günü” kimi qeyd edilir: 
- Bilirsiniz ki, Abay böyük qazax aydını, qazax yazılı ədəbiyyatının ustadıdır. O, 1845-ci il, avqustun 10-da dünyaya gəlib. Əsl adı İbrahim olub, anası isə oğlunu “Abayım”, “Abayjanım" deyə əzizləyib. Abay sözü qazax qardaşlarımızın türkcəsində "ustuf, uslu, diqqətli, ehtiyatlı" anlamında işlənir. Ərazi və əhalicə dünya nəhəngi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan nüvə dövlətləri Rusiya Federasiyası və Çinlə sərhəd qonşusu olan Qazaxıstan bu gün məhz Abay yolu ilə, bir başqa deyilişlə, qazax yolu - Qazaxıstan yolu ilə ustuf-ustuf, uslu-usku irəliləyir. Bu irəliləyiş ata yurdda möhkəmlənmək, “altın qıran”lı, Günəş şəfqətli göy bayrağı böyük ölkənin hər yerində və həmişə dalğalandırmağı ifadə edir.
  Ə.Qoşalı bildirdi ki, Abay adı ilə sevilmiş mütəfəkkir, istər sovet illərində, istərsə müstəqillik dönəmində qazax yazılı ədəbiyyatının əsas siması olaraq tanınıb, qəbul edilib: 
- Əlbəttə, qazax qardaşlarımızın ədəbiyyatı Abayla başlamır. Böyük Çölün Abayadək də  böyük söz ustadları, akınları, poetik ruhlu ruhaniləri olub və onlar söz qoşub, nəğmə çağırıb, "Dombra" çalıb, sənət yaradıblar, lakin dünyəvi, maarifçi, universal və yazılı olması etibarı ilə Abay yaradıcılığı bir başqa yerə-göyə sahibdir. O, özündən öncəkiləri, necə deyərlər, ümumiləşdirən, universallaşdıran və özündən sonrakılara yol göstərən bir ədəbi zirvə olub. Abay qala bürcü kimi qazax ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin hər tərəfindən görünür. Onun əsərlərinə, çağırışlarına zaman-zaman istinad olunub və öz həyatı, yaradıcılığı da əsərlərə mövzu olub. Yalnız Muxtar Auezovun “Abay yolu” əsərini, o əsərin tirajını xatırlamaq yetərlidir ki, Abaya müraciətin miqyası, dərinliyi və üfüqü aydın görünsün… Müstəqil Qazaxıstanın işıqlı gəncləri Abayın “Qara söz”ünü oxuyurlar ki, xalqın ağ günlərə çıxışının tarixcəsinə yaxından bələd olsunlar...
  Ə.Qoşalı qeyd etdi ki, “bir qazax da heç kitabxanaya gedib, kitabmı oxuyar?", - deyə heyrət edilən vaxtlarda böyüyüb boya-başa çatan Abay, köçəriliklə oturaq həyatın (şəhərləşmənin) estetikasını bir arada tutmağı bacaran - öz dünyagörüşündə təcəlla etdirən, o təcəllanın energetikası ilə qələmə sarılan irəligörüşlü aydın olub. Bir maarifçi kimi həm poeziya, həm də nəsrdə öz xalqının qayğılarını, yaşam çətinliklərini, toplumun inkişafını daim diqqətdə saxlayıb: 
- Bəli, Abay xəlqani şairdi. 3 poema, 200-ə yaxın şeir və 45 nəsr əsəri yadigar qalan Abayın əsərləri yüzə yaxın başqa dilə çevrilib. Daha da çevriləcək. Qazaxıstanla Azərbaycanın arasından Xəzər dənizi keçir, amma aramızdan su keçməz! Biz bəngü qardaşlarıq! Heç təsadüfi deyil ki, Abay adı, irsi Azərbaycanda da əziz tutulur, doğma bilinir. Paytaxtımızda Abay küçəsi var, kitabxanalarımızda azərbaycancaya çevrilmiş Abay əsərləri var, Bakı Dövlət Universitetində Abay adına Qazax Mədəniyyət Mərkəzi var, elm ocaqlarımızda araşdırılan Abay mövzuları var. Qardaşlığımız var olsun! 
  Şair Türküstan ellərinə salam göndərərək “əsənliklər dilərim”, - söylədi. Və “qardaşımızın bayramı bayramımızdır, şeirin-sənətin, mədəniyyətin, qardaşlığın bayramıdır! Qutlu olsun!” dedi.