ABŞ Tehranın beş amerikalını azad etməsindən sonra da İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Meksikanın xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.
“İcazə verin, vəziyyəti aydınlaşdırım. Heç bir şəraitdə və heç bir halda İrana qarşı sanksiyalar yüngülləşdirilməyəvək”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a söyləyib ki, ABŞ-nin İrana tətbiq etdiyi sanksiyaların böyük təsiri var:
"Sözügedən sanksiyalar demək olar ki, İran iqtisadiyyatını tamamilə çökdürüb. Hətta istehsal sahəsi minimuma enib və bəziləri bağlanıb. Xüsusilə enerji daşıyıcıların istehsalı ilə bağlı texnoloji vasitələrin əldə edilməsində ciddi problemlər yaranıb. Eyni zamanda İran limanları və hava nəqliyyatı ilə bağlı böyük məhdudiyyətlər mövcuddur. Həmçinin Şimal qonşumuz qazını və neftini satmaqda çətinliklərlə üzləşir. Bəzən satışı gizli şəkildə etmək istəyir ki, bunun da qarşısını Amerika donanması alır. Ona görə də sanksiyaların rejimə təsirindən rahatlıqla danışa bilərik".
Analitikin sözlərinə görə, İranın milyardlarla vəsaiti Qərb tərəfindən dondurulub:
"Məhbusların dəyişdirilməsi kontekstində 6 milyard vəsaitin donu konkret şərtlərlə açıldı. Yəni ABŞ tələb qoydu ki, bu vəsait yalnız humanitar məqsədlə istifadə oluna bilər. Ona görə də, düşünürəm ki, strateji baxımdan sanksiyaların aradan qaldırılması üçün hələlik zəmin yaranmayıb. Çünki rəsmi Tehran Vaşinqtonun Yaxın Şərqdəki strateji müttəfiqləri üçün təhlükə törətməyə davam edir. İkinci ziddiyyətli məsələ atomdur ki, İran hələ də nüvə silahını hazırlamaqdan imtina etməyib. Yəni o atom bombasının əldə olunmasına çox yaxındır. Bu da müəyyən təhlükələr törədir. O baxımdan yeni nüvə müqaviləsinin Ağ evin şərtləri daxilində imzalanması tələbləri var ki, bunu da İran qəbul etmir və dondurulmuş vəsaitlərlə sanksiyaların ləğvini istəyir. Danışıqlar davam etsə də, hələlik konkret razılaşma mövcud deyil. Sanksiyanın ləğv olunmasının digər səbəblərindən biri isə Ukraynadakı savaşda İranın işğalçı dövlət olan Rusiyanın yanında olması və onu silahlandırmasıdır. Bu isə Qərbin geosiyasi maraqlarına uyğun gəlmir. Ümumiyyətlə sözügedən səbəblər aradan qaldırılmadıqca sanksiyalar da dayanmayacaq".
Qeyd edək ki, Avqustun 10-da “The New York Times“ qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb.