Evdar qadınlar məşğulluğa cəlb edilir

Gender, ailə, demoqrafiya məsələlərinin işıqlandırılması

Mehriban Zeynalova: “Qadınların bacarıqları artırılmalıdır”

  İşsizlik, ümumiyyətlə, bütün cəmiyyətlərdə əsas sosial problemlərdən biridir. Lakin qadınlar arasında işsizlik isə problem içində problemdir. Məlumdur ki, ölkəmizdə işsizliyin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atılır. O cümlədən qadınların da məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdn biri də bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlığı sayəsində ərsəyə gəlib. “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsinin əsas məqsədi məhz evdar qadınların işlə təmin edilməsi, onların məşğulluğa cəlb edilməsidir. Layihənin icrasına artıq başlanılıb. Layihə QSC-nin “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar, Quşçu kəndləri və “Şadax” adlanan ərazidə yaşayan qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Bu məqsədlə “AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə qadınlara əmək bazarındakı aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzlərində qeydiyyata durmaq qaydası, mövcud vakansiyalar, peşə təhsili müəssisələrinə qəbul qaydaları, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib. Həmçinin təlim iştirakçılarının karyera planlaması, potensialın kəşf edilməsi, bazar imkanlarının araşdırılması, məqsədlərin təyini və fəaliyyət planının qurulması, eləcə də Dövlət Məşğulluq Agentliyinin “Alo karyera” dəstək xidməti, iş axtarışı alətləri və müsahibəyə hazırlıq mövzularında maarifləndirilməsi təmin edilib. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin yerli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib. Layihənin növbəti mərhələsində bilik və bacarıqları məqbul hesab edilən qadınların “AzerGold” QSC-nin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq istiqamətlər üzrə peşə fəaliyyətinə cəlb edilməsi üçün zəruri addımların atılması nəzərdə tutulur. Qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də indiyədək layihələr icra edib və etməkdədir. Komitə tərəfindən regionlarda Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə regionlarda qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə savadlılığının və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə tədbirlər keçirilib. Bu cür tədbirlər Zaqatala, Göygöl, Tovuz rayonlarında keçirilib. Məsələn, Zaqatala Qadın Resurs Mərkəzindən faydalanan qadınlar öz biznesləri barədə məlumat verib, bacarıq və qabiliyyətlərini aztəminatlı evdar qadınlarla bölüşüblər. Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə isə Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Göygöl rayon xidmət şöbəsi və Göygöl Peşə məktəbinin nümayəndələri, mərkəzin xidmətlərindən bəhrələnən uşaqların valideynləri iştirak ediblər. Tədbirdə iştirakçılara peşə təhsili müəssisələrinə qəbul qaydaları, əmək bazarında mövcud olan aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzində qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib. Bu günlərdə həm də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin və "Aim Texas Trading" LLC-cin birdə təşkilatçılığı ilə Dünya Bankının maliyyə dəstəyi ilə "Məşğulluğa Dəstək Layihəsi"ni tanıtmaq, hədəf qruplarını məlumatlandırmaq məqsədilə Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində ictimai dinləmə həyata keçirilib. Qadınların məşğulluğa cəlb edilməsi layihələri barədə “Sherg.az"a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, evdar qadınların problemlərinin öyrənilməsində sorğuların keçirilməsi önəmlidir: 

- Bu il avqust ayının əvvəlində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Statistika idarəsinin və BMT-nin Uşaq Fondu – UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iştirakı ilə Çoxgöstəricili Klaster Sorğu keçirilib. Bu sorğu növü uşaqların və qadınların vəziyyəti ilə bağlı beynəlxalq səviyyədə müqayisə oluna bilən, statistik cəhətdən etibarlı və dəqiq məlumatlar təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən hazırlanmış proqram çərçivəsində ölkələr tərəfindən aparılan ev təsərrüfatı sorğularıdır. Sorğunun nəticələrinə uyğun olaraq qadınların sosial-iqtisadi vəziyyəti öyrənilir, onların hansı peşələrdə, hansı ixtisaslarda çalışa biləcəyi, müvəffəq ola biləcəyi müəyyənləşir. Verilən məlumatlarda bildirilir ki, sorğu Daşkəsən şəhərində, Quşçu qəsəbəsində, Qabaqtəpə və Rəsullu kəndlərində keçirilib. Sorğu nəticəsində aktual, dolğun məlumatlar toplanır, statistik məlumat bazası zənginləşdirilir, uşaqlara və qadınlara dair məlumatlar komplektinin tamlığı təmin olunur. Məqsəd qadınların məşğulluğa cəlb edilməsi, işlə təmin edilməsidir. Məlumdur ki, tənha qadınlar var, övladlarını təkbaşına böyüdən analar var. Onların işlə təmin edilməsi ailənin maddi sıxıntıdan azad olması, qadının da, uşağın da özünə əminlik qazanmasıdır. Müsbət hal budur ki, qadınların məşğulluğu istiqamətində son zamanlar ciddi layihələr icra olunur. Hesab edirəm ki, burada əsas diqqət qadınların yeni bacarıqlar əldə etməsinə çalışmaqdır. Qadınlara təsərrüfatın düzgün idarə edilməsindən tutmuş, biznes idarəçiliyi, ailə büdcəsindən istifadəyə qədər hər sahədə treninqlər keçirilməlidir. Bu məqsədlə treninqlər, seminarlar keçirilməli, qadınlarımız peşə hazırlığına cəlb edilməlidir. Bəzən qadına elə gəlir ki, o, heç nə bacarmır. Amma onunla söhbət etdikdə, bacarıqlarını öyrənidikdə, görürsən ki, əslində çox bacarıqlıdır, işgüzardır, sadəcə, onun özünü realizə etməsinə imkan yaradılmayıb. Və ya bu cür imkan həmin ərazidə yoxdur. Hesab edirəm ki, qadınların bacarıqlarına uyğun iş yerləri yaradılmalıdır. Belə olarsa, daha çox adam işlə təmin edilə bilər.