Ermənistan SQ bölmələri Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır.
Həmçinin rus sülhməramlılarının müşayiəti ilə növbəti dəfə Qarabağdakı separatçılara silah daşıması həyata keçirilib.
Türk mediası isə bildirir ki, son 8 ayda Hindistandan Ermənistana İranın Qüds tuqayları vasitəsilə nə az nə çox, düz 750 milyon dollarlıq silah daşınıb.
Prosesləri "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ilkin silah partiyasının maliyyələşdirilməsi Fransadakı erməni lobbisinin təşəbbüsü ilə baş tutub:
"Yəni marşrut Hindistanın Mumbay limanından İranın Cabahar limanına qədərki ərazini əhatə edir. Silahların 30 faizi Zəngəzur dəhlizində, 70 faizi isə rusların vasitəsiylə artıq Qarabağdadir. Həmçinin silahlar əsasən hava, tank əleyhinə raketlər və minaatanlardır. Sözügedən silahların əsas hissəsi isə Ağdərədə yerləşib və görünən odur ki, Prezidentin Qazax, Bərdə səfərləri bu istiqamətdə hazırlıqlara adekvat cavab niyyəti daşıyır".
Ekspertin sözlərinə görə, Qarabağda sayı 1500 civarından göstərilən PKK mənşəli terrorçulara İranın Hasdi - Sabi qruplaşması tərəfindən yol təmin edilib:
"PKK- nin bölgəyə cəlb edilməsi Türkiyə ilə Azərbaycan arasında son günlərdə intensivləşən hərbi dialoqu xüsusilə diqqətə gətirir. Digər tərəfdən isə Çin rəhbərinin son zamanlarda Zəngəzur istiqamətində səsləndirdiyi fikirlərlə, baş tutacaq yaxın Ərdoğan - Putin görüşünün yekununda silahların işə düşməsi an məsələsi kimi görünür. Həmçinin paralel silahlanma göstərir ki, Ermənistan Azərbaycana qarşı sərhəddə və içəridə eyni anda- hibrid hücum planlaşdırır. Bir sözlə, yekuna doğru gedirik. Azərbaycan ordusu isə hazırlıqlarını maksimum həddə çıxarıb. Masada isa Fransa, Hindistan, İran, Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə, Çin və s. kimi ölkələr var. Ümumiyyətlə Ermənistanın başlatdığı humanitar tır kampaniyası da cox güman ki, İrəvanın başlayacağı hərbi əməliyyatlar üçün leqal və hüquqi baza oynamağa hesablanıb".