Məktəbəhazırlıq qrupları sağlam həyata atılan addımdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu təhsil uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, estetik tərbiyəsini təmin edir


  Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat davam edir və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına indiyədək 20 871 uşaq elektron qeydiyyatdan keçib. Rəsmi məlumatlarda elektron qeydiyyatın qaydaları qeyd edilir. Bildirilir ki, 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2018-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq. Qeyd edilir ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdən ibarətdir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Bu məlumatlar onu göstərir ki, Azərbaycan dövləti təkcə bu ölkəyə məxsus uşaqların deyil, ümumən ölkə ərazisində hazırda yaşayan bütün uşaqların öz yaş dövrünə uyğun təlimlərə cəlb edilməsində maraqlıdır. Məktəbəqədər hazırlıq, adından da göründüyü kimi, ibtidai sinfin məktəbəqədərki pilləsidir. Bu pillə necə olmalı, tədris, təlimlər necə təşkil edilməlidir ki, məktəb həyatına qədəm qoyan uşaqlar özünü bu aləmin bir parçası hesab etsin?
  Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a  açıqlamasında məktəbəqədər hazırlıq qruplarının uşaqların təlim-tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını söylədi:
"Məktəbəhazırlıq qrupları məktəbə doğru mühüm bir addımdır, təhsilin vacib bir pilləsidir. Bu qrupları uşaq bağçalarından fərqləndirən cəhət budur ki, uşaqlar burada məktəb mühitinə hazırlıq keçir. Məktəblə ilk tanışlıq buradan başlayır. Uşaqlar məktəb necə bir yerdir, sinif otağı necə olur, müəllim kimdir öyrənmək imkanı əldə edirlər. Əsas isə uşaqların böyüklərlə - müəllimlə, eyni zamanda bir-biriləri ilə ünsiyyət bacarığı formalaşır. Yəni, əslində, formalaşmalıdır. Bunu da uşaqları məktəbə hazırlayan müəllimlər etməlidir. Müəllim o dərəcədə peşəkar, məktəbəqədər təhsil ixtisasına mükəmməl yiyələnmiş birisi olmalıdır ki, uşaqlara da vacib vərdişləri aşılaya bilsin. Uşağın uşaq bağçasında ətraf aləmlə başlayan ibtidai tanışlığı məktəbəqədər hazırlıq qruplarında bir qədər də genişlənməlidir. Uşaqların təhsilin gələcək pillələrində nə dərəcədə uğur qazanacağı bundan asılıdır. Təkcə biliklərə yiyələnmə hazırlığı deyil. Uşaqlara sağlam həyat vərdişləri də öyrədilməlidir. Uşaq hazırlıq qrupuna gedirsə, səhər tezdən yataqdan qalxmağa alışacaq, vərdiş edəcək, səhər yeməyini, naharı da vaxtlı-vaxtında qəbul edəcək. Gününü bölüşdürməyi də öyrənəcək. Əlbəttə, burada valideyn də məsuliyyət daşıyır. Valideyn bilməlidir ki, uşağın hazırlıq qrupunda əldə etdiyi vərdişlər sabah məktəbə gedəndə ona çox lazım olacaq. Nə qədər ailələr var ki, uşağın gündəlik qrafikini doğru-düzgün tərtib edə bilmir. Nə dərs oxumağa vaxtı çatır uşağın, nə istirahət etməyə, nə oyunlara. Bunlar hamısı ilkin hazırlıq mərhələsinin necə keçirilməsindən asılıdır. Pedaqoji, uşaqların yaş kateqoriyasına uyğun təşkil ediləcəksə, gələcəkdə onlar problemlə qarşılaşmayacaqlar. Məktəbəhazırlıq qrupları uşaqların sağlam həyat tərzi keçirmələrinə, müsbət vərdişlərə yiyələnmələrinə böyük mənada kömək edir".

  K.Əsədov qeyd etdi ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunur: "Bilirsiniz ki, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Lakin müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatır. Bu qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Bilirsiniz ki, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir və valideynlər də buna uyğun davranmalı, övladlarını təlim-tədris prosesinin bu pilləsinə cəlb etməlidirlər. Məktəbəqədər yaşlı uşağın təhsili elə olmalıdır ki, inkişafı süni surətdə tezləşdirməsin, onun zənginləşməsinə xidmət etsin. Bunun üçün də ixtisaslı kadrlar işə cəlb edilməlidir. İxtisaslı kadrlar uşaqlarda oxumaq həvəsini yarada bilər, onlarda məktəbə, təhsilə müsbət münasibət formalaşdırar, uşaqların məktəbə uğurlu adaptasiyasını təmin edə bilər. Uşaqlarda sosial xüsusiyyətlər formalaşdırmaq da əsas tələblərdən biridir. Uşaqlar hazırlıq qruplarında müəllimin köməyi ilə böyüklərlə davranışda və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarını mənimsəməli, öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulmasını öyrənməlidirlər.

  Uşaqların məktəbəhazırlığını yüksək səviyyədə təşkil etmək üçün nə tələb olunur? K.Əsədov qeyd etdi ki, burada əsas məsələ təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqidir: “Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. Bu məşğələlərdə uşaqların ətraf aləmlə tanışlığı, nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı təmin edilməlidir. Bacarıqlı, ixtisaslı müəllim bunu edə biləcək. Edə bilmirsə, demək ki işinin öhdəsindən gələ bilmir. Valideynlər də uşaqlarının hazırlıq qruplarında nə öyrəndiklərinə, nəyə yiyələndiklərinə diqqət etməli, hazırlıq qrupunun uşağın zehni inkişafına kömək etdiyini, hansı müsbət vərdişlər qazandırdığını bilməlidirlər. Çünki uşağın təhsilin digər pilləsinə hazırlığı bundan çox asılıdır".