Güneyli, quzeyli - hər bir azərbaycanlının sevimli şairi

Azərbaycançılıq ideyasının təbliği

“Bəxtiyar Vahabzadə azərbaycançılıq məfkurəsinin daşıyıcısı idi”
 
 “Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz, Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz” misralarının müəllifi, unudulmaz şairimiz, xalqın sevimlisi, bütün türk dünyasının sevgi və sayğıyla xatırladığı Bəxtiyar Vahabzadənin anadan olmasının 98-ci ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim bir ümumxalq ideologiyamız var - Azərbaycançılıq məfkurəsi!” sözlərinin poeziyada təcəssümünü məhz Bəxtiyar Vahabzadənin şeirlərində görə bilirik. Şəxsində olduğu kimi poeziyasında da Azərbaycan adını, azərbaycançılığı uca tutan ustad şairimizin anadan olmasının növbəti ildönümü bu dəfə doğma yurdu Şəkidə qeyd edilib. Həmin gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bütün türk dünyasının sevilən şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, eləcə də dünyanın müxtəlif ölkələrindən, qardaş Türkiyədən gəlmiş alim və ziyalılar iştirak ediblər. Beynəlxalq konfransın açılış mərasimində ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafik Rəsulov çıxış edərək bildirib ki, artıq ikinci ildir ki, ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gün Şəkidə beynəlxalq konfrans təşkil olunur, şairin əziz xatirəsi ehtiramla yad edilir.
Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirmiş olduğu bənzəri olmayan söz ustadı, filosof, dramaturq, publisist, eyni zamanda azadlıq fədaisi, istiqlal carçısı kimi həmişə sevilib. Şəki ziyalıları beynəlxalq konfransın məhz bu şəhərdə keçirilməsini böyük şairin xatirəsinə olan dərin hörmət və ehtiramın ifadəsi kimi dəyərləndiriblər. Çünki Bəxtiyar Vahabzadə Şəkidə doğulub boya-başa çatıb və bu şəhərə həddindən artıq bağlı bir insan olub. Konfransda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva və başqaları çıxış ediblər. Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Qeyd edilib ki, Bəxtiyar Vahabzadə böyük sənətkar, bənzərsiz şair olub. Yaratdığı söz inciləri bütün coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib. Şairin söylədiyi hər fikrin, yazdığı hər misranın, əsərin mayasında Vətən sevgisi, xalq təəssübkeşliyi durur. Bəxtiyar Vahabzadə ana dilimizin yorulmaz təbliğatçısı olub. Onun şerlərində ana dilimizin toxunulmazlığı, dilimizin qorunması vacibliyi ana xətt təşkil edir. Onun Azərbaycan dilinin qorunması və inkişafı naminə gördüyü işlər, bu mövzuda yazdığı şeirlər daim aktualdır;

Dil açanda ilk dəfə ana söyləyirik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.

  Bəxtiyar Vahabzadənin adı Azərbaycanın istiqlal şairi kimi də həmişə fəxrlə çəkilir. Bəxtiyar Vahabzadə xalqının gen yaddaşında təkcə əvəzsiz bədii yaradıcılığa malik bir şair kimi deyil, eyni zamanda, xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi naminə dönmədən mübarizə aparan bir fədai kimi qalıb. Azərbaycanın müstəqilliyi mövzusuna həsr olunan əsərləri, azərbaycançılıq ideyası, vətənpərvərlik mövzusunda yazıları gənc nəslin milli-mənəvi dəyərlərimizə sayğılı ruhda böyüməsində müstəsna rola malikdir. Sevimli şairin 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr etdiyi şeiri bu gün də dillərdə əzbərdir və belə də qalacağına əminik;

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
…Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər!
 
Konfransın Elm Komitəsinin sədri, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından söz açıb. Bildirilib ki, şairin yaradıcılığı Azərbaycan bədii fikrinin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadənin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Konfransda digər çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.

 “Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim” söyləyən Bəxtiyar Vahabzadə haqlı olaraq xalqın qəlbində özünə uca abidə ucaldıb. Xalq onun keçmişini, bu gününü və gələcəyini yazan şairini necə sevməyə bilər?! Bəxtiyar Vahabzadə yaradıcılığı təpədən-dırnağa Türk – Azərbaycan kimliyinin, istiqlalın, azadlığın, milli-mənliyin təcəssümüdür. Azərbaycançılıq - ümumtürk mənşəli milli məfkurədir. Və bu məfkurə Bəxtiyar Vahabzadə yaradıcılığının mayasını təşkil edir.
Azərbaycan, adın oddur, özün – işıq, sözün - işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Şairin şeirlərində də Vətənimizin ərazi bütövlüyü, milli birlik ideyası qırmızı xətt kimi keçir. Hələ sovet ideologiyasının hakim olduğu dövrdə yazdığı “Gülüstan” poeması Bəxtiyar Vahabzadəni bütöv Azərbaycan eşqiylə yanan – güneyli, quzeyli hər bir azərbaycanlının sevimlisinə çevirdi;
…Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..
Arazın suları qəzəbli, daşqın,
Şirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır…