Amerikada nəşr olunan “Politico” jurnalı gözlənilən Əliyevlə Paşinyan görüşündən tam bir gün öncə yazıb ki, ABŞ, Avropa İttifaqı və Rusiya rəsmiləri Qarabağla bağlı mübahisəni həll etmək üçün Türkiyədə gizli görüş keçiriblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, tərəflərin gündəliyinə daxil edilməyən və fövqəladə hal kimi bir araya gətirilən görüş Azərbaycanın anti- teror əməliyyatından əvvəl keçirilib. Görüş Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin Moskva ilə nadir təmaslarından biri kimi qeydə alınıb.
Adının açıqlanmasını istəməyən yüksək səviyyəli diplomat “Politico”ya bildirib ki, İstanbulda keçirilən görüşdə tərəflər bölgədə yaşayan 100 min insanın ərzaq və yanacaqla təmin olunmasını müzakirə ediblər.
Gizli görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqlarında baş müşaviri Lui Bono, Avropa İttifaqını isə Toivo Klaar təmsil edib. Rusiya isə Vladimir Putinin Ermənistan-Azərbaycan münasibətləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış İqor Xovayevlə masa arxasında oturdub. ABŞ və Rusiya arasında sonuncu böyük təmas Dövlət Departamenti səviyyəsində ötən ilin martında baş tutub.
Vaşinqtondan heç bir şərh yoxdur
Adının açıqlanmasını istəməyən bir AB diplomatı "Politico"ya deyib ki, “Anlaşılmazlıqların qarşısını almaq üçün dialoq kanallarını açıq saxlamağa əhəmiyyət veririk”. Diplomat həmçinin bildirib ki, Aİ Rusiya ilə əlaqə kanallarını açıq saxlamağa çalışır.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi görüşlə bağlı şərh verməkdən imtina edib və yalnız “Biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib. Bununla belə, məsələ ilə tanış olan başqa bir ABŞ diplomatı danışıqların Kremlin bölgədə hələ də gücə malik olması anlayışından qaynaqlandığını izah edib. “Biz bu məsələdə ruslarla işləməyi bacarmalıyıq, çünki onların orada müəyyən təsiri var”, - amerikalı rəsmi bildirib.
Türkiyə faktoru
Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgəyə sülhməramlılar yerləşdirib və sözügedən bölmənin səlahiyyət müddəti 2025-ci ildə başa çatır. Beynəlxalq media iki həftə ərzində dəfələrlə bəyan edib ki, Azərbaycanın bütün Qarabağı işğaldan xilas edən “ildırım əməliyyatı”ndan sonra Rusiyanın Cənubi Qafqazda təsir imkanları azalıb, Bakının bir nömrəli müttəfiqi olan Türkiyənin mövqeləri daha da möhkəmlənib.