ABŞ, Fransa, Almaniya, İtaliya və İngiltərədən İsrailə dəstək


ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri,  “Yaxın günlərdə biz İsrailin özünü müdafiə edə bilməsini və nəticədə sülhsevər və inteqrasiya olunmuş Yaxın Şərq regionu üçün şərait yarada bilməsini təmin etmək üçün İsrailin müttəfiqləri və ortaq dostları kimi vahid və koordinasiyalı hərəkət edəcəyik”, - mesajını paylaşıb.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı görüşdən sonra birgə bəyanat veriblər.

Liderlər İsraili qətiyyətlə dəstəklədiklərini vurğulamaqla yanaşı, “HƏMAS-ı və onun dəhşətli terror aktlarını birmənalı şəkildə pislədiklərini” bildiriblər.

Bəyanatda qeyd olunur ki, “Son günlərdə dünya HƏMAS terrorçularının öz evlərində ailələri qətlə yetirməsini, musiqi festivalından zövq alan 200-dən çox gənci qətlə yetirməsini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri oğurlamasını dəhşətlə izləyib”. 

İsrailin özünü və xalqını müdafiə etmək səylərini dəstəkləyəcəklərini qeyd edən liderlər, bu ölkəyə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan üstünlük kimi istifadə etməməsi barədə xəbərdarlıq ediblər.