Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağının blokadası səbəbindən yanacaq çatışmazlığının davam etdiyini və inkubatorda olan 100-dən çox körpənin ölüm təhlükəsi ilə üzləşdiyini bildirib.
Sherg.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam edir, bölgənin tam blokadaya alınmasının yaratdığı yanacaq çatışmazlığı nəticəsində xəstəxanalar dayanıb. Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında yanacaq çatışmazlığı səbəbindən inkubatorlarda olan 100-dən çox körpənin ölüm təhlükəsi ilə üzləşdiyini bildirib.
UNICEF-in sözçüsü Conatan Kriks açıqlamasında hazırda Qəzza zolağında inkubatorlarda 120 yeni doğulmuş körpənin olduğunu və bu körpələrdən 70-nin mexaniki ventilyasiyaya qoşulduğunu bildirib. "Biz bu nöqtədə çox narahatıq" - deyə Kriks bildirib.
BMT-nin Əhali Fondunun məlumatına görə, Qəzzada hər gün təxminən 160 qadın dünyaya uşaq gətirir və 2,3 milyon əhalisi olan bölgədə 50 min hamilə qadın olduğu təxmin edilir.