ÖRNƏK SEVGİ və ya ailə örnəyi

HEYDƏR ƏLİYEV  ----  100  


Şəxsi mülahizəmə görə məhəbbət – hörmətdən , istəkdən yaranır , nifrət isə -- qorxudan , xəbislikdən.
Səksəninci illərin sonları, doxsanıncı illərin əvvəllərini yaşayanlar Heydər Əliyevin həmin dövrdəki həyat və fəaliyyətini araşdıranlar yaxşı bilir ki, o zamanlarda “yuxarılar”ın , “yuxarılar”a yarınanların düşmənçilik mövqeyi geniş miqyas almışdı. Bu, qorxudan yaranan hiss idi. Nəinki qorbaçovlar, vəzirovlar, mütəllibovlar, mənsəbpərəst kommunistlər, ümumilikdə kommunizm – o uca insanlıq, dövlətçilik, azadlıq aşiqindən, beynəlxalq səviyyəli siyasətçidən, onun ideyalarından, istedad və istəklərindən, amallarından, nəhayət ona olan xalq məhəbbətindən qorxurdu. Mətbuat vasitələrində, iclaslarda, toplantılarda Heydər Əliyevə qarayaxmalarını yağdırır, onun mənəvi, hətta cismani məhvinə çalışırdılar.Lakin xalqın sevgisi Ulu Öndər şəxsiyyətini qoruyub nəinki öz xalqına –Azərbaycana, bütün dünyaya, insanlığa ərmağan etdi.
Heydər Əliyevi sevən milyonlardan biri olaraq, bir jurnalist kimi Saatlı rayonunda nəşr edilən “Dönüş” qəzetinin əməkdaşı kimi 1990-cı ilin avqust ayında onunla görüşdüm və aldığım müsahibələr qəzetin 3 sayında dərc edildi.Təkcə Saatlıda yox, bütün yaxın bölgələrdə, eləcə də Azərbaycanın hər yerində əl-əl gəzən qəzetlər böyük sensasiya yaratdı. Mətbuatda bu barədə çoxsaylı yazılar dərc edildiyində ətraflı danışmağa lüzum görmürəm, amma  indi uzun illər sonra Ulu öndərlə ilk görüşümüzün bəzi anlarını xatırladım. 
Ulu Öndərlə ilk görüşdən əvvəl verəcəyim suallar ətrafında çox hazırlaşmışdım.Xüsusilə mərhum Zərifə xanım haqqında verəcəyim sualın həssaslığını nəzərə alaraq bu sevimli insanın həyat və bioqrafiyasını biraz geniş araşdırmışdım.Və öyrənmişdim ki, Azərbaycanın görkəmli simalarından olan   Zərifə xanım Əliyeva xalqımızın böyük oğlu, ictimai siyasi xadım Əziz Əliyevin ailəsində boya-başa çatmışdı.28 aprel 1923-cü ildə, Heydər Əliyevlə eyni bürcdə (buğa bürcündə) və eyni ildə dünyaya gəlmişdir.
    İxtisasca həkim olan akademik Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti əhatəli və zəngin olmuşdur.Oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və qiymətli elmi tədqiqat işlərinin müəllifi olub.Dəyərli alim dünyada ilk dəfə peşə patalogiyasını araşdıran elmi tədqiqat iaboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir sahənin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Görmə orqanının peşə patalogiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlarına görə keçmiş Sovet Sosialist Respublikaları İttifaqının oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə heyətinin, Ümumittifaq Oftalmologiya Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. Zərifə xanım Əliyeva 1985-ci ilin aprel ayının 15-də Moskva şəhərində vəfat etmiş, Moskva şəhərinin Novo-Deviçeye qəbristanlığında dəfn olunmuşdu.
1990-cı ilin avqustunda Heydər Əliyevlə görüşümüz zamanı mərhum ömür-gün yoldaşı barədə verdiyim sual da bu kimi bilgilərdən qaynaqlanırdı.
- Zərifə xanımın Moskvada dəfni Sizə necə təsir edir?   Nə vaxtsa bu onun  cənazəsini də  Cavidinnəşini gətirdiyinizkimi   respublikamıza gətirmək fikriniz yoxdur ki? 
     -   Mürəkkəb sualdır. Mən Moskvada yaşadığım, fəaliyyət göstərdiyim dövrdə Moskva bizim ölkənin paytaxtı kimi hamı üçün  dogma bir şəhər idi. O dövrdə respublikada millətlər arasında elə bir fərq yox idi. Mən belə hesab edirdim ki, Moskva bütün xalqlar üçün, SSRİ xalqları üçün paytaxtdır, əziz bir şəhərdir. Mən və mənim ailəmin üzvlərimin hamısı Moskvada yaşayır, ona  görə də həyat yoldaşım Zərifə xanım vəfat edəndə onun orada torpağa verilməsi məsələsi mənim üçün mübahisəli olmadı. 
Ancaq indi vəziyyət dəyişibdir.Bunu həyat göstərər. O ki, qaldı Cavidin qəbri məsələsi, bu, başqa məsələdir. Cavid vaxtilə ədalətsiz olaraq həbs olunmuşdur, həbsxanada vəfat etmişdir. Onun sümükləri Sibirdə torpağa  verilmişdi. Biz çox böyük əziyyətlə onun qəbrini tapdıq  və hələ o vaxt, belə məsələlərə düzgün münasibət olmadığı bir dövrdə mən təşəbbüskar oldum və mənim təşəbbüsümlə Cavidin məzarını öz dogma Vətəninə köçürdük. Buna hədsiz şadam. Ancaq bir şey məni incitdi: mən buraya gələn günü Cavidin qəbri üstünə getdim, onun məzarını görəndə  çox kədərləndim. Çünki biz Cavidin qəbrini məhz Naxçıvana köçürəndə belə qərar qəbul etmişdik ki, məzarın  üstündə(əvvəl qərarımız belə idi ki, Cavid şəhərin mənzərəli mərkəzi yerində dəfn olunsun) Nizaminin, Vaqifin qəbri kimi böyük movzaley yaradılsın. Təəssüf ki, artıq səkkiz il keçməsinə baxmayaraq bu qərar yerinə yetirilməyibdir və məzar da istənilən səvyyədə deyildir. Bu,məni çox kədərləndirir.                                                                                                                                                                                                                                                   
Unudulmaz Ulu Öndərlə növbəti görüşlərimdən biri 1993-cü ilin may ayının 22-sinə təsadüf etmişdi. Gündüz iki dəfə Öndərin qəbuluna getsəm də görüşümüz gecə saat 24:00 radələrində baş tutdu. Salamlaşıb hal-əhval tutduqdan sonra söylədi ki, özüm səni iş günümün sonunda qəbul etdim ki, bu gün  mənim üçün əziz gün olduğuna görə günümü yaxın adamla başa vurum. Bu gün nəvəmin ad günüdür.Onlar burada yoxdurlar.Mərhum həyat yoldaşım Zərifə xanım nəvəmizə öz adını vermişdi. Ancaq nəvəmizin beş yaşı olanda Zərifə xanım vəfat etdi…
Bir saatdan artıq davam edən görüşümüzün xeyli hissəsini Zərifə xanımın nəcibliyindən, həssaslığından, zəhmətkeşliyindən, zəkasından, əvəzolunmaz müsbət xarakterlərindən danışdı. O Dahi şəxsiyyətin böyük ailə sevgisi məni də duyğulandırmışdı…
Haşiyə:Ulu Öndər həmin iş gününü mənimlə başa vura bilmədi. Saat 01:30 radələrində mərhum Afiyəddin Cəlilovla yazıçı Əkrəm Əylislini qəbul edəsi oldu. Bax beləcə, gecəsini gündüzünə qatan Dahi rəhbəristirahət vaxtını da özünə yox, xalqına, dövlətçiliyə həsr edirdi!
          Mənim Ulu Öndərlə ilk müsahibəmdən dörd il sonra – 1994-cü ildəZərifə xanım Əliyevanın nəşi Moskvanın Novo-Deviçiye qəbristanlığındanBakıya gətirilərək Fəxri Xiyabanda - böyük siyasi xadim,atası Əziz Əliyevin məzarı yanında torpağa tapşırıldı.
             Zərifə xanım Əliyeva haqqında ən səmimi qiyməti vəfalı ömür-gün yoldaşı Heydər Əliyev vermişdir: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi.Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın ruhu qarşısında baş əyirəm.İllər keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam.Mənim övladlarım da bu əhval – ruhiyədədirlər.Onlar bu əhval – ruhiyə ilə tərbiyələniblər, formalaşıblar.”
Elmdə və cəmiyyətdə dəyərli alim, qiymətli şəxsiyyət olan Zərifə Əliyeva ailəsinə son dərəcə bağlı bir xanım, gözəl ana olub.Analıq vəzifəsinin öhdəsindən ləyaqətlə gələn Zərifə xanımın təmkini, zəkası, elmi səviyyəsi və digər qeyri-adi müsbət xüsusiyyətləri övladları İlham Əliyev və Sevil Əliyevaya da sirayət etmişdir.Zərifə xanımın sevimli gəlini Mehriban xanım Əliyevanın bugünkü fəaliyyəti, qazandığı ailə və xalq məhəbbəti də “gəlin ocağa çəkər” xalq deyiminin bariz təsdiqidir.Mehriban xanım Əliyevanın simasında bu ocaq daha da dəyərlənib, nurlanıb. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva həm də Zərifə xanımın ənənələrini davam və inkişaf etdirərək ölkəmizdə təhsilin, səhiyyənin və digər sahələrin  inkişafı üçün yorulmaz qüvvə ilə çalışır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərifə xanımı xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi.Böyük Lider Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi.Hər bir insan üçün valideyinləri əziz və müqəddəsdir.Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur.”
Zərifə xanım haqqında dünyaca tanınmış simalar da tarixi, dəyərli sözlər söyləmişlər. Dünyada tanınmış oftalmoloq , akademik A. Nesterof Zərifə xanımın fəaliyyətini bu cür dəyərləndirirdi: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm.Oftalmologiyada o, bir nömrəli idi.”
           Sonda - içimdən gələn və milyonların dəstəkləyəcəyinə əmin olduğum bir təklif ilə yazımı tamamlamaq istəyirəm: Bütün azərbaycanlılarının Ulu Öndəri Heydər Əliyevin bəşəriliyinin, ZərifəƏliyevanın yüksək dəyərlərinin əbədi yaşadılması üçün xalqımızın hər iki unudulmaz sevimlilərinin 100 illik yubileyləri münasibəti ilə “Öndər Ata“ və “Nəcib Ana“ medallarının təsis olunması, seçilən ailələrin bu mükafatla təltif edilməsi Müzəffər Liderımiz, Cənab Prezident ilham Əliyevin dünyamıza yeni böyük töhfəsi olardı.Bu, mənəvi həvəsləndirmə tədbiri kimi, həm də ölkəmizdə ailə institutunun  inkişafına təsir edər.

 Fəxrəddin Ağamirzəyev ,
 Jurnalist - hüquqşünas