Rey Kərimoğlu səsvermədə seçici aktivliyinin yüksək olduğunu da söyləyib
Qeyri-hökumət təşkilatlarının seçki prosesində fəal olması vacibdir. Çünki vətəndaş cəmiyyəti institutlarının seçki prosesində rolu siyasi partiyalardan da artıqdır. Vətəndaş cəmiyyəti institutları partiyalardan fərqli olaraq hakimiyyət uğrunda mübarizə aparmırlar, insan hüquqlarının müdafiəsi ilə yanaşı seçkilərin daha demokratik keçirilməsinə öz töhfəsini verirlər. Bu, ilk növbədə seçicilərin maarifləndirilməsindən, müşahidəçilikdən və bu kimi mühüm tədbirlərin keçirilməsindən ibarətdir. 7 fevralda növbədənkənar Prezident seçkiləri zamanı qeyri-hökumət təşkilatlarının (QHT) ciddi şəkildə təşkilatlanması və koalisiyalarda birləşməsi müşahidə olundu. Seçkiləri monitorinq etmək üçün QHT-lərin 3 koalisiyası elan edilmişdi. Prezident seçkilərini vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edib. Ötən Prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bir sıra QHT-lər koalisiyalarda birləşərək seçkiləri monitorinq ediblər. "Mənim səsim” Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası” bu qəbildəndir. Bu 3 koalisiyada birləşən 9 QHT ümumilikdə, 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və onlarla digər QHT respublika üzrə seçki müşahidəçiliyi aparıblar. Qeyd edək ki, “Mənim səsim” Seçki Monitorinq Koalisiyasında nüfuzlu QHT sədrləri birləşmişdi. Bunlar D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı idi. Koalisiya seçki dairələrinin 50 faizdən çoxunda müşahidə aparıb. Eyni zamanda Sivil Toplum Monitorinq Koalisiyası - “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimli, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli güclərini birləşdiriblər. Koalisiya seçki günü respublika üzrə müşahidə aparan nümayəndələrə təlimlər keçib, təlimləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri də izləyiblər. Xeyli sayda QHT isə yerlərdə lokal müşahidəçiləri ilə seçkiləri izləyiblər. Görünən odur ki, 7 fevral - növbədənkənar Prezident seçkilərində QHT sektoru kifayət qədər aktivlik nümayiş etdiriblər. Müşahidəçilər seçki prosesini olduqca diqqətlə izləyərək, düzgün qiymətləndirmələr aparıblar. Heç şübhəsiz, bu amil seçkilərin ədalətli, şəffaf keçirilməsini şərtləndirən əsas meyarlardan biridir.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu deyib ki, bu seçkilər əvvəlkilərdən seçici aktivliyi ilə fərqlənib:
"Biz 500-dən çox müşahidəçi ilə 67 dairədə müşahidə apardıq. Müşahidəçilərimiz respublikanın müxtəlif regionlarında oldular. Sumqayıtda, Qarabağda, Naxçıvanda, Qazaxda, Masallıda və bir çox digər regionda müşahidələrini davam etdirdilər. İnsanların aktiv iştirakını müşahidə etdik. Bu aktivliyi bir 2003-cü ildə görmüşdüm, bir də indi gördüm. Bizi hər tərəfdən sıxışdırmağa çalışanlar var, amma millətimizin bu aktivliyi bir daha göstərdi ki, biz birlikdəyik, daim də birgə olacaq, qələbəmizi müdafiə edəcəyik. Biz bütün dünyaya göstərdik ki, normal seçki keçirə bilirik”. O bildirib ki, Azərbaycan bu seçkilərlə yeni eraya qədəm qoyur: "Müxtəlif məntəqələrdəki müşahidəçilərdən aldığımız məlumatlardan məlum oldu ki, seçkilər nizam-intizamla keçirilib".
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Səidə Qocamanlı da deyib ki, növbədənkənar Prezident seçkilərində Qarabağı görməyən, amma ata-baba torpaqları olan yerlərdə müşahidə aparan gənclər də prosesi izləyiblər:
"Bu gənclərimiz Qarabağı gördülər, orada seçki prosesini izlədilər. Buna görə hesab edirəm ki, bu seçkilər tarixə yazılan bir gün oldu".
Qarabağ qazisi, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü, "Qazilər.az" saytının baş redaktoru Rey Kərimoğlu da deyib ki, o, Beynəlxalq Avrasiya Mətbuat Fondunun 50 nəfərlik müşahidəçi heyətinin üzvü kimi Əsgəran, Xocalı, Xankəndi, Şuşa və Füzulidə yaradılmış müvafiq seçki məntəqələrində müşahidə missiyasını yerinə yetirib. Qarabağ qazisi səfər zamanı yaşadıqlarından, seçki müşahidələrindən qısaca bəhs edib: "Çox gözəl, izaholunmaz qarışıq hisslər yaşadıq. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımızın rəhbərliyi ilə yurdlarımız işğaldan azad olundu. İnşallah, Xankəndiyə gedənlər oranın necə yer olduğunu görəcəklər. Sevinc və qürur hissi ilə yanaşı kədərli anlarımız da oldu. Əsgəran, Xocalı istiqamətinə gedərkən xocalılıların şəhid edildiyi, insanların qətliama məruz qaldığı həmin yerləri gördüm. Çox kədərliydim. 1992-ci ildən sonra ilk dəfəydi həmin yeri görürdüm. Ona görə kədərləndim. Həm də sevincli idim ki, belə möhtəşəm günlər yaşayırıq. Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki keçirildi və seçkini biz də müşahidə etdik. Mən, Umud Rəhimoğlu və Fuad Abbasov, üçümüz Xankəndidə səs verdik. Gözəl hisslər idi".
Rey Kərimoğlu səsvermədə seçici aktivliyinin yüksək olduğunu da söyləyib: "Seçicilərin əhval-ruhiyyəsi yüksək idi. Füzulidə seçicilər o qədər çox idi ki, məntəqənin qarşısında böyük növbələr, izdiham yaranmışdı. Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də rastlaşdıq. Ümumiyyətlə, QHT-lər seçki prosesində çox aktiv iştirak etdilər. Qeyd edim ki, "Qarabağ Qaziləri" İctimai Birliyinin də müşahidəçiləri var idi. Müxtəlif müşahidəçi qruplarında təmsil olunmaqla müstəqil şəkildə prosesdə böyük komanda ilə iştirak edirdirlər".
Məlumat üçün onu da qeyd ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə Xankəndi şəhərində Prezident seçkiləri keçirilib. Səsvermə 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində, şəhərin mərkəzi inzibati binasında baş tutub. Seçki günü seçici fəallığı müşahidə olunub.