Daha bir qurumdan əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi də küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sherg.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidməti bu gündən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı ilə bağlı xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz hava şərtlərinə biganə yanaşmamağı, sürət həddini aşağı salmağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, nəqliyyat vasitələrini aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar, habelə ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri də ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına daha ciddi əməl etməlidirlər".

10:36

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Sherg.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır".