COP29 Azərbaycan Əməliyyat Şirkəti qida təhlükəsizliyi üzrə təlimlərə başlayıb

11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək COP29 konfransına hazırlıq işləri çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli otellərin təhlükəsizlik və dayanıqlılıq səriştələrinin artırılması istiqamətində təlim proqramının icrasına başlayıb.

Bu barədə APA-ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat Şirkətinin qida təhlükəsizliyi üzrə eksperti tərəfindən paytaxt Bakıda yerləşən və Milli Ulduz Təsnifatına uyğun aparıcı otellərdə “Qida təhlükəsizliyi – 2-ci səviyyə” təlimi keçirilir.


Təlim proqramı beynəlxalq qida təhlükəsizliyi tələb və qaydalarının baza prinsipləri əsasında Azərbaycana məxsus yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib, həmçinin Ətraf Mühitin Sağlamlığı üzrə Lisenziyalı İnstitut (CIEH - Chartered Institute of Environmental Health) tərəfindən təsdiqlənib. Proqramın əsas məqsədi COP29 konfransı zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edəcək çoxsaylı ziyarətçilərin ən yüksək qida təhlükəsizliyi standartlarına uyğun müstəsna iaşə və qonaqlama təcrübəsini təmin etməkdir. Qida tədarükçüləri, otel, restoran və ictimai iaşə obyektlərinin əməkdaşları üçün nəzərdə tutulan bu proqram çərçivəsində ilk təlimlər avqust ayı ərzində təşkil edilib.

Otel şəbəkələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və işçi heyətlərin səriştələrinin artırılmasına yönələn təlimlərin məzmunu qida təhlükəsizliyinin bütün kritik aspektlərini əhatə edir. Belə ki, qida məhsullarının hazırlanmasından paylanmasına qədər olan prosesdə faydalı təcrübələr, qidalanmanın idarə edilməsində gigiyena qaydaları, xidmət sahəsində çalışan əməkdaşların şəxsi məsuliyyətinin vacibliyi və bir sıra digər mühüm mövzular proqramda öz əksini tapıb. İştirakçılar həmçinin səmərəli preventiv və nəzarət tədbirləri, qidaların təhlükəsiz saxlanma qaydaları və digər bu kimi ətraflı təlimatlardan yararlana bilirlər.

Qeyd edilib ki, təlim proqramı paytaxtın bir sıra digər otellərini də əhatə etməklə oktyabr ayının sonunadək davam edəcək.