Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.
"Sherg.az" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz: Xatırladaq ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 75 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 24 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.Bundan əlavə, 508 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 108 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin, I ixtisas qrupu üzrə 186 abituriyent Azərbaycan - Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 32 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 5-ci sayında dərc olunacaq.
Bir çoxu balların qalxdığını iddia edir. Maraqlıdır, bu il hansı ixtisaslar üzrə ballar qalxıb?
Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a söyləyib ki, hər şey öncədən proqnozlaşdırdığımız kimi oldu:
''Bütün ixtisas qruplarında ötən illərdə formalaşan keçid ballarında minimum 20-30, bəzilərində isə 50-60 bal civarında artım qeydə alınıb. Buna səbəb abituriyyentlərin ötən illə müqayisədə daha yüksək bal toplamasıdır. Özəlliklə buraxılış imtahanlarında sualların abituriyentlər üçün daha əlçatan olması ümumi müsabiqə vəziyyətinə öz təsirini göstərdi. Birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, riyaziyyat-informatika müəllimliyi, kompüter elmləri kimi ixtisaslarda ballar daha çox artdı. İkinci ixtisas qrupu üzrə isə əsasən tədris ingilis dilində olan istiqamətlər, maliyyə, iqtisadiyyat, biznesin idarə olunması, üçüncü qrupda tədris ingilis dilində olan ixtisaslar, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, jurnalistika, fiologiya, pedoqoji ixtisaslardakı ballarda artım müşahidə edilir. 4-cü qrupa gəldikdə isə tibb istiqamətində ballar kəskin yüksəlib. İstər tibb, istərsə də stomotologiya, biotexnologiya və tədris ingilis dilində olan ixtisaslarda artım var. 5-ci qrupda da keçid balları qalxıb. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq,məşqçilik, dizayn istiqamətlərində keçid balları ötən illə müqayisədə bir qədər yüksəkdir".