Tavenyanın sərsəmləməsi: Zəngəzur dəhlizi sülh müqaviləsinə heç bir əngəl yaratmır -ŞƏRH

“Paşinyan dəhlizi müharibə yolu ilə verəcək, buna görə Rusiyanı günahlandıracaq”. Bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan deyib. O bildirib ki, Paşinyanın bu addımı anti-Rusiya əhval-ruhiyyəsini artıracaq. Ardınca Rusiya bazasının Ermənistandan çıxarılması ilə bağlı tələblər və KTMT-dən çıxmaqla bağlı bəyanatlar səsləndiriləcək. “Müharibə hər an başlaya bilər. Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Rusiya ilə münasibətlərə gərginlik gətirib. O, Saakaşvilinin yolu ilə getdi və Qərbin əlində alət oldu. Biz indi Rusiya ilə diplomatik müharibə vəziyyətindəyik. Hakimiyyətin 2018-ci ildə Rusiya ilə başladığı polemika bu gün də davam edir və bu, suverenliyimizi məhvə sürükləyir”, – Tevanyan bildirib.
“Reallıq ondan ibarətdir ki, Paşinyan dəhlizi türklərə verir. O, Rusiyanın vasitəçiliyindən imtina edib. Qərb yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İran əleyhinə körpücük yaratmaq məqsədi güdür. Paşinyan şəxsi maraqları müqabilində Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasına və dəhlizi Qərbə və Türkiyəyə təslim etməyə razılaşıb”, – deyə Tevanyan vurğulayıb. 

Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, bu ənənəvi höküməti sevməyən və ona düşmən olan qüvvələrin açıqlamasıdır:

“Tevanyanı Ermənistanda hər kəs tanıyır və onu ciddi qəbul etmirlər. Çünki hər zaman belə pafoslu danışaraq bütün höküməti satqınlıq, xəyanətkarlıq və müharibə başlatmağda ittiham edir. Eyni müxalifətin digər bir qütbü isə hansısa müharibənin olmayacağını bildirir. Nikol Paşinyanın cəmiyyəti müharibə qorxusu ilə manipulyasiya etdiyini söyləyir. İkisi də müxalifət adına çıxış edən şəxslərdir. Hansına inanaq? Onlar müstəqil deyillər, "5-ci kolon"un təmsilçiləridirlər. Eyni zamanda konkret olaraq siyasi sifariş yerinə yetirirlər və hökümətə qarşı birmənalı şəkildə qərəzlidirlər”.


Ekspert qeyd edib ki, müharibə birtərəfli qaydada baş vermir:
“Əgər söhbət Zəngəzur dəhlizinin açılmasından gedirsə və bunu rəsmi Bakı icra edəcəksə, həmin zaman Azərbaycanın müharibəyə başlamasına ehtiyac var. Digər tərəfdən Azərbaycanın hərbi əməliyyatla bağlı istəyi mövcuddursa, bunu Tevanyan hardan bilir fikri sual doğurur. Tevanyanın açıqlaması yalan və absurddur. Çünki Azərbaycan yaxın zaman çərçivəsində heç bir böyük müharibəyə hazırlaşmır. Qlobal güclər, xüsusilə də Qərb bu yöndə Azərbaycana qarşı ittihamlar ortaya qoyurlar. Bunun nəticəsidir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsini sülh sazişindən kənarlaşdırmaqla Qərbin ittihamlarını zərərsizləşdirdi. Yəni Zəngəzur dəhlizi sülh müqaviləsinin imzalanması üçün heç bir əngəl yaratmır. Əgər Azərbaycanın müharibə etmək fikri varıydısa, niyə Zəngəzur koridorunu sülh məsələsindən ayırırdı? Ona görə də Tevanyanın açıqlaması növbəti dəfə sərsəmləmədir və daha çox ictimai rəyi hökumət əleyhinə körükləmək niyyəti daşıyır".