Xalq sülhə səs versə, bu, Nikol Paşinyanın mövqeyini dəfələrlə gücləndirəcək
Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir. Dövlət başçısı həmçinin, birmənalı vurğulayıb ki, sülhün imzalanması üçün Bakının iki mühüm tələbi gündəmdədir. Prezident diqqətə çatdırıb ki, sülhün əldə olunması yönündə əsas əngəlin Ermənistan Kontitusiyasındakı ərazi iddiaları və Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin olmamasıdır.
Son günlər erməni mediası, bir sıra ekspertlər Baş nazir Nikol Paşinyanın Minsk qrupunun ləğvi məsələsində hərəkətə keçdiyini iddia edirlər. Baş nazirin "1994-cü ildən, yəni atəşkəsdən bu yana danışıqlar Qarabağın Azərbaycana qaytarılması yönündə gedib" ifadəsini də buna hazırlıq kimi dəyərləndirirlər. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan iddia edib ki, Bakının Zəngəzur dəhlizi ilə bağlı tələbi də sülh sazişi sənədində var, sadəcə olaraq, bu haqda danışmırlar. Oskanyan iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək: “Paşinyan dəhlizlə bağlı vəd verib və Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Ermənistan hakimiyyəti dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Konstitusiyasında ərazi iddialarının çıxarılması və Minsk qrupunun ləğv edilməsi məsələləri sülh sənədində yer almır və ala da bilməz. Ancaq ekspertə görə, bu məqamlar sülh prosesinin olmazsa olmazıdır:
"Bakı əmin olmalıdır ki, həqiqətən də, Ermənistan dövlətində və cəmiyyətində Azərbaycana qarşı revanşist fikirlər artıq səngiyib və mövcud deyil. Məsələnin birinci və mühüm tərəfi budur. Referendumun keçirilməsi də ictimai səsvermə deməkdir. Erməni toplumu sülhlə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır ki, Azərbaycanla sülh şəraitində yaşamağa hazırdır, yoxsa hələ də müharibə və işğalçı siyasətə meyillidirlər? Bu suala cavab vermək lazımdır. Nikol Paşinyan Konstitusiya dəyişikliyindən əvvəl xalqın rəyini soruşmaqla özü üçün müəyyən təminat ala bilər. Nəzərə alaq ki, Konstitusiya dəyişikliyi ilə Azərbaycanla müharibənin istənilib-istənilməməsi fərqli məsələdir. Konstitusiyanın preambula hissəsində ərazi iddialarının çıxarılması erməniləri narahat edirsə, o zaman ritorik sual ortaya çıxır ki, Azərbaycanla yenidən müharibə istəyirlər? Erməniləri bu sual düşündürməlidir. Nikol Paşinyan açıq şəkildə etiraf edir ki, öz övladlarını orduya vermək istəmir. Deməli, müharibə təhlükəsi hiss etdikləri üçün övladlarını hərbi xidmətə verməkdən yayınırlar. Bu həm də o anlama gəlir ki, ermənilər müharibə istəmir. Əgər elədirsə, bunu refendumla açıq formada elan etsinlər".
N.Miri vurğulayıb ki, erməni cəmiyyəti sülhə səs versə, bu, Nikol Paşinyanın mövqeyini dəfələrlə gücləndirəcək:
"Bundan sonra Paşinyan Konstitusiyada dəyişikliklərlə bağlı ciddi iddialar ortaya qoya bilər. Minsk qrupunun ləğvi məsələsi də gündəmdədir və çünki bu təsisatın varlığına artıq ehtiyac qalmayıb. Ancaq bu məsələ ətrafında ajiotaj yaratmaq istəyən qüvvələr var. Halbuki, Minsk qrupu de-fakto yoxdur və onun fəaliyyətinə Azərbaycan heç bir vəchlə imkan verməyəcək. Minsk qrupu canlı meyitdir və onu tezliklə "basdırmaq" lazımdır. Lakin problem odur ki, Minsk qrupunu "dəfn" etməyin yolu hüquqi prosedurdan və ikitərəfli qaydada müraciətdən keçir. Burada erməniləri narahat edəcək heç bir məqam yoxdur. Bu, sadəcə, söz manipulyasiyası və spekulyasiyadır. Paşinyan bu məsələni uzatmamalıdır. Minsk qrupu siyasi-hüquqi cəhətdən Ermənistana heç bir üstünlük qazandırmır. Görünür, Ermənistanda keçmiş xəyallarla, axmaq fikirlərlə yaşamaq istəyənlər, xalqı aldatmağı düşünənlər var".