Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.
İqtisadiyyat.az-a xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Belə ki, bir sıra özəl liseylər yeni tədris ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıb.
İqtisadiyyat.az məsələni dəqiqləşdirmək üçün bəzi liseylərlə əlaqə saxlayıb.
Sorğuya cavabda məlum olub ki, "Bakı Atatürk Liseyi"ndə yeni tədris ilinə 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, "İdrak liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Kaspi liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Baku-Oxford School"da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.
"LANDAU School"da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaq.
Xatırladaq ki, bu il Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, bir neçə ildir ki, tədrisə sentyabrın 15-dən başlanılır:
“Buna isə səbəb sentyabrın əvvəlinin çox isti keçməsidir. Əksər ölkələrdə tədris prosesi sentyabrın ortası başlayır. Bunun səbəbi tək şagirdlər deyil, onların valideynlərinin istirahətləri ilə bağlıdır. Sovet və Müstəqilliyin ilk dövründə tədris ili sentyabrın 1-i başlayaraq may ayının 31-də bitirdi. Lakin tədris həftəsi müasir kurikulum sistemi ilə ayaqlaşmırdı deyə həm tətillər yenidən düzənləndi, həm də tədris prosesi iyun ayının ortalarına qədər uzadıldı. Digər tərəfdən özəl məktəblər illik tədris günlərinin sayını saxlayaraq daha erkən başlayıb və daha erkən bitirmə hüququna sahibdirlər. Yetər ki, milli proqrama uyğun tədris müddəti olsun. Ancaq dövlət təhsil müəssisələri üçün bunu Nazirlər kabineti müəyyən edir”.