Biz hər il şagird sayının azaldığını qabardırıq - Təhsil eksperti

Demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində aidiyyəti qurumlar müvafiq tədbirlər görməldur

Birinci siniflərə şagirdlərin elektron qaydada qəbulu başlayıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Birinci sinfə qəbul mayın 6-dan iyunun 5-i, saat 11:00-dək davam edəcək. Qeyd edilir ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. 

Məsələ bundadır ki, elektron qəbul sistemi üzərindən qeydiyyat apara bilməyən valideynlər yenə də məktəblərə üz tutur, müəllimlərə müraciət edirlər. Bəzən uşaqların birinci sinfə qəbulunda məktəbəqədər hazırlıq kurslarından keçməmələri də əngəl olur. 

Elektron qəbul sistemi özünü tam doğruldurmu? 

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, mərkəzləşmiş qaydada qəbul prosesi şəffaf vəziyyət yaradır: 

- Elektron qaydada qəbul prosesi əvvəlki dövrdən fərqli olaraq şagirdin daha asan və obyektiv şəkildə qeydiyyatının aparılmasına şərait yaradır. Valideynlər uşaqlarının təhsil alacağı məktəbi, sinfi, hətta sinif müəllimini müəyyən edə bilirlır. Amma əvvəllər ibtidai sinfə qəbul prosesi kortəbii formada idi və bu da sıxlığın, xaotik vəziyyətin yaranmasına gətirib çıxarırdı. Məktəbəqədər hazırlıq keçməyənlər də, əlbəttə, prosesdə iştirakçıdırlar və sistem üzərindən qeydiyyatdan keçə bilərlər. Bu il ötən ildən az şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılır. Bu da əhalinin təbii artımının azalmasıyla bağlıdır ki nəticədə şagird sayına da təsir edir. Builki birincilərin sayı 110-120 min civarında ola, ya olmaya. Hazırda məktəbəqər hazırlıqdan 70 minə yaxın uşaq avtomatik sistem üzərindən qeydiyyat sistemindən keçib. Yəqin təxminən 40 min uşaq da valideynlər tərəfindən qeydiyyatdan keçiriləcək. Biz hər il şagird sayının azaldığını qabardırıq. Düşünürəm ki, demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində aidiyyəti qurumlar müvafiq tədbirlər görməldur. Bu tədbirlər həvəsləndirici xarakterli ola blər, məsələn, uşaq pulunun verilməsi və ya ailədə 2, 3 övlad varsa, birdəflik ödənişlər, mənzil alınmasında güzəştlərin tətbiqi... Hər hansı qərarlar qəbul olunmalıdır ki ailələr uşaq dünyaya gətirməkdən çəkinməsinlər.