Namizədlər təəssüf ki, buna diqqət etmirlər
Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-da başa çatıb. Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, ixtisas seçimi başa çatdıqdan sonrakı 3 gün ərzində nəticələr elan olunacaq.
Təhsil eksperti Ramin Nurəliyev isə “Sherg.az"a açıqlamasında bəzi ixtisas qrupları üzrə ballarda ciddi artım müşahidə olunacağını deyib. Ekspertin fikrincə, əsasən də I ixtisas qrupunda ciddi artım müşahidə ediləcək:
“1-ci qruplarda 50-80 bala kimi qalxma ehtimal edirəm. 2-ci qruplarda 20-40, 3-cü qruplarda isə ən azı 40-60 bala kimi qalxma müşahidə ediləcək. 4-cü qruplarda 30-60, 5-ci qrup qabiliyyətsiz dizaynda 40-60 bala kimi qalxma ehtimal edirəm. Mən ballar artacaq dediyimdə bəzi ekspertlər "plan yerləri artıb, yeni universitetlər açılıb" deyə ballar artmayacaq deyirdi. Hətta blok imtahanı çətin oldu, ballar artmaz deyirdilər. Ekspert ağzına gələni deməməli, analiz və müşahidələrinə dayanaraq fikir bildirməlidir”.
Ekspertin sözlərinə görə, universitetə qəbul olmaq istəyən namizədlər təəssüf ki, hər il ixtisas üzrə ayrılmış plan yerlərinə diqqət etmirlər. Ayrılmış yerlər hər il tələbatlara uyğun olaraq dəyişir. Plan yerlərini, dövlət sifarişi və ödənişli əsaslarla olmaqla, ayrı-ayrılıqda analiz edərək ixtisas seçimi etmək doğrudur.