Fransanın Ermənistanla bağlı qərarı: Silah dəstəyini davam etdirəcək

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. İki lider görüşdən əvvəl birgə mətbuata bəyanatla çıxış ediblər. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Nasist işğalı zamanı Fransa sıralarında həyatını itirən ermənilərə də toxunan Makron ermənilərin “Fransa müqavimətinə və millətinə dəstək”dən xəbərdar olduqlarını vurğulayıb.

“Siz Fransanın Ermənistanın müstəqilliyinə, ərazi bütövlüyünə, demokratik kursuna və fundamental sülh istəyinə dəstəyinə arxalana bilərsiniz”. Makron bildirib ki, o, Paşinyanı sülh arzusunu “davam etmək əzmi və cəsarəti”nə görə yüksək qiymətləndirir.

Makron qeyd edib ki, Avropa qitəsində “müharibə cinayətlərinin törədildiyi dövrdə” Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra Paşinyanın “qətiyyəti” daha da konkretləşib.

Paşinyanla görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müzakirə olunacağını qeyd edən Makron, Ermənistanın Sunik bölgəsində baş verən son hadisələrin bu sahədə “eskalasiya riskinin” mövcudluğundan xəbər verdiyini iddia edib.

Digər tərəfdən, Makron Azərbaycanın Qarabağı tərk edən və geri qayıtmaq istəyənlərin təhlükəsiz və tez bir zamanda geri qayıtmasını təmin etmək öhdəliyi olduğunu bildirib.

Makron bəyan edib ki, onlar Ermənistanı strateji infrastrukturun inkişafında dəstəkləməyə və hərbi texnika ilə təmin etməyə “məsuliyyət ruhunda, gərginliyi artırmaq istəyi olmadan” davam edəcəklər.

Digər tərəfdən, Paşinyan bəyan edib ki, Fransa ilə Ermənistan arasında münasibətlər təkcə tarixi və iqtisadi deyil, iki ölkəni “daha ​​dərin emosional bağlar” birləşdirir.

Paşinyan Makrona iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində atdığı addımlara görə təşəkkür edib.

Paşinyan iddia edib ki, Fransanın köməyi ilə ölkəsinin müdafiə qabiliyyətini gücləndirmək narahatlıq doğurmamalıdır və onların məqsədi regionda “tarazlığı yaratmaq”dır.