Deputat: İslahatlar biznes mühitini yaxşılaşdırıb

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir

  Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Burada başlıca məqsəd biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır.
  Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində konkret iqtisadi islahatlar aparmaq üçün mühüm qərarlar qəbul olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Həmin Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.
  Azərbaycanda son illər həyata keçirilən bu iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir. Onu da qeyd edək ki, Azərbaycanın qarşısında hazırda duran əsas vəzifələrdən biri də postmüharibə dövründə azad edilmiş ərazilərdə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Bu gün ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən layihələr dünyanın müxtəlif nüfuzlu şirkətlərinin bu ərazilərdə qlobal biznes layihələrini reallaşdırmasını stimullaşdırır. Təkcə onu demək kifayətdir ki, postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə 1100-ə yaxın müraciət daxil olub. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var.
İş adamları əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə investisiya yatırmaq maraqlarını ifadə edirlər. Bundan əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 faizlə ilk yerdə qərarlaşıb. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər ərzində xarici investorlar üçün cəlbedici biznes və investisiya məkanı olaraq qalacaq.
  Yeri gəlmişkən, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə dünən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət nümayəndələri, Komissiyanın İşçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak ediblər.
Konfransın açılışını və moderatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, İİTKM iqtisadi islahatların rəqəmsal idarəetmə platforması olan “azranking.az” portalı vasitəsilə qlobal trendlərə uyğun şəkildə yaşıl və rəqəmsal transformasiyaya dəstək vermək, eyni zamanda davamlı iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır.
V.Qasımlının sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında islahat gündəliyi və təşviq siyasəti, eləcə də böyük qayıdış, Bakının baş planı, yaşıl enerji, nəqliyyat-logistika, sənaye, regionların inkişafı və özəlləşdirmə proqramları qeyri-dövlət sərmayələrinin cəlbini sürətləndirə bilər.
  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2023-cü il üzrə fəaliyyəti və qarşıda duran prioritetlər” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, 2023-cü ildə Komissiyanın mandatına uyğun olaraq, aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni İşçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, Komissiya çərçivəsində 25 işçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət və ESG) üzrə 4 altqrup fəaliyyət göstərir və Komissiyanın İşçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur. V.Şıxəliyev qeyd edib ki, hesabat ilində müasir çağırışlar nəzərə alınmaqla yeni prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib və icrası təmin edilib. Ötən il ərzində Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı 13 Yol Xəritəsi (ümumilikdə, 472 tədbir), habelə digər mühüm istiqamətlərdə 14 Fəaliyyət Planı və Yol Xəritəsi icra olunub. Komissiya çərçivəsində müvafiq dövlət qurumlarının rəhbərliyi altında 30-dan çox normativ hüquqi aktın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edən mühüm qanunvericilik sənədləri qəbul olunub. Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/kommunikasiyanın təşkili, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir. O qeyd edib ki, bu il üçün əsas hədəflər islahat təşəbbüslərinə özəl sektorun və maraqlı tərəflərin daha geniş cəlb edilməsi, İşçi qruplarda təmsil olunan özəl sektor nümayəndələrinin rolunun gücləndirilməsidir.
  "Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində strateji çərçivə yaradılıb”.
Bunu isə Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini, "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" İşçi qrupunun rəhbəri Rəşad Orucov bildirib.
O qeyd edib ki, Azərbaycanda elektron ödənişlər üzrə əlverişli hüquqi zəmin formalaşıb və ödəniş xidməti istifadəçilərinin hüquqi müdafiəsi gücləndirilib. Maliyyə institutlarında ekoloji, sosial və idarəetmə (ESİ) amillərinin nəzərə alınması tələbləri müəyyən edilib. Aidiyyəti qurumlarla birgə dayanıqlı maliyyə üzrə iqlim risklərinə həssas olan iqtisadi fəaliyyətlərin müəyyən olunması və taksonomiyanın hazırlanması kimi alt-komponentlərin icrasına başlanıb.
  Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natavan Məmmədova isə bildirib ki, biznes assosiasiyalarının güclənməsi iqtisadiyyatın güclənməsi deməkdir:
Hazırda Azərbaycanda 116 biznes assosiasiyası fəaliyyət göstərir. Biznes assosiasiyaları arasında əlaqələr gücləndirilməlidir. Fərqli sahələrdə fəaliyyət göstərən sahibkarların bir araya gələrək öz təklifləri, problemləri, çağırışları, eləcə də gözləntilərini formalaşdıraraq aidiyyəti üzrə çatdırması çox önəmlidir. Biznes assosiasiyaları qeyri-hökumət və qeyri-kommersiya qurumlarıdır. Düşünürəm ki, onlarla bağlı müəyyən meyarların daha dəqiq göstərilməsi faydalı olacaq".
  Konfransda Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət-biznes dialoqu, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya mühitinin yaxşılaşdırılmasına dəstəyi, maliyyə xidmətlərinin inkişafı, e-dövlət xidmətlərinin göstərilməsi və internet infrastrukturu üzrə islahatlar, ekoloji təhlükəsizlik, tikinti sektorunda islahatlar, daşınmaz əmlakla bağlı informasiya sisteminin yaradılması və digər mövzularda təqdimatlar edilib.
 
  Millət vəkili Cavid Osmanov isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, biznes mühitinin sağlamlaşdırılması istiqamətində tədbirlər həm yerli, həm də xarici sahibkarlar üçün əlverişli imkanlar açır:

“Sahibkarlığın inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. Son illər hökumət tərəfindən ölkədə özəl bölmənin inkişafına diqqət və qayğının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Hökumət əsasən bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin təxminən 80 faizi məhz regionların payına düşür”.