İsrafçılığın qarşısını almaq mümkündür

Ekologiya və ətraf mühitin mühafizəsi

Texniki su şəbəkələri yenidən qurulmalıdır

“Dövlət qurumları fermerlərə dəstək göstərməli, onların yeni texnologiyalara çıxışını təmin etməlidir”

  Bəşəriyyət bu gün ciddi ekoloji problemlərlə üzləşir. Əsas problemlərdən biri isə bütün dünyanı təhdid edən şirin su ehtiyatlarının tükənməsidir. Digər faktorlarla yanaşı, su mənbələrinin çatışmazlığı dünyanı təhdid edan ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idara edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı va davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu sahənin gələcək inkişafı və mövcud problemlərinin həlli məqsədilə 12-14 mart tarixlərində Birinci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilib. Təşkilatçılardan verilən məlumata görə, Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib. Sərgiyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən dəstək göstərilir, sərgi isə Bakı Ekspo Mərkəzində təşkil edilib. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı bu sahədə mövcud olan problemlərin həlli istiqamətində innovativ addımların öyrənilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bakıda keçirilən önəmli beynəlxalq su toplantısı Azərbaycanın su sektorunun bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək baxımından diqqət çəkir. Tədbirin məqsədi ölkəmizdə bu sahənin sonrakı inkişafı, mövcud çətinliklər və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etməkdən ibarətdir. Konfrans, həmçinin Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı, mövcud çağırışlar və onların həlli yolları, maraqlı tərəflər üçün yeni imkanlar müzakirə olunub.

Su həftəsinin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsinin təşkilinin təqdirəlayiq hal olduğunu vurğulayaraq tədbiri ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi dəyərləndirib. O deyib ki, su sektorunun önəmli toplantılarından olan Bakı Su Həftəsi qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində atılan ən mütərəqqi addımlardan biridir.
  Agentlik sədrinin sözlərinə görə, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Qeyd olunub ki, su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq.
  Z.Mikayılov daha sonra bildirib ki, ölkəmizdə COP29 kimi önəmli konfransın keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın ətraf mühitlə bağlı reallaşdırdığı mühüm tədbirləri dəyərləndirməsinin göstəricisidir. Onun dediyinə görə, Bakının ev sahibliyi ilə keçirilən su təsərrüfatı sahəsində beynəlxalq tədbir isə yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə əlamətdar olacaq.
"Baku Water Week" sərgisində iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, ölkədəki su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də, fermerlər qıtlıqdan ciddi əziyyət çəkir.
  Nazir müavini qeyd edib ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə edilməməsidir: "Təbii ki, region səviyyəsində əməkdaşlıq mexanizmindən bəhrələnə bilmirik. Dünyada 153 ölkə qonşu dövlətlərdən gələn sulardan istifadə edir. Təxminən 3 milyard insan bir neçə ölkənin ərazisində yerləşən çayların hövzəsində yaşayır. Bu səbəbdən beynəlxalq əməkdaşlığın önəminə region ölkələrinin diqqətini cəlb etməliyik". O əlavə edib ki, su problemi Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq. Nazir müavini qeyd edib ki, COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planı strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır.
  Yeri gəlmişkən, Bakı Su Həftəsinin iştirakçısı olan ölkə və şirkətlərin sayının çoxluğu ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlərə olan marağın göstəricisidir. Təsadüfi deyil ki, Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Bakı Su Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın sərgi ölkəsinə çevrildiyini bildirib. Hər il Bakıda irimiqyaslı sərgilər keçirildiyini vurğulayan səfir qlobal istiləşmə, suyun vacibliyi baxımından ölkəmizdə bu cür tədbirin keçirilməsini önəmli addım kimi dəyərləndirib: “Su dünyada strateji məhsula çevrilməkdədir. Ölkələr su qıtlığı çəkir. Həm Türkiyəyə, həm də Azərbaycana indi daha az su daxil olur. Yağışların miqdarına görə su azalıb. Ona görə də suyu daha keyfiyyətlə, ehtiyatla istifadə etməliyik. Su bizim üçün çox önəmlidir. Qida zənciri su ilə başlayır”.
  Bakı Su Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında modern suvarma sistemlərinin nümayiş etdirildiyini bildirən Cahit Bağçı, həmçinin deyib ki, Türkiyə həmişə olduğu kimi, sərgidə Azərbaycandan sonra ən çox şirkətlə iştirak edən ölkədir.
"Hidroloq" MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru Əhməd Məmmədovun sözlərinə görə, Azərbaycanın daxili su ehtiyatı orta illik hesabla 10 milyard kubmetrdir və bunun 1,4 milyard kubmetri buxarlanır: “Su anbarlarının tikintisi bir çox məsələlərin həllinə kömək etməklə yanaşı, bəzi problemlər də yaradır. Araşdırma nəticəsində su anbarlarının səthindən böyük buxarlanmaların olduğunu aşkarladıq. Düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur. Yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib. İqlim dəyişikliyindən əvvəl isə qarlar may ayında əriməyə başlayırdı. Bu, su anbarlarının tikintisini vacib edir. Amma anbarları düzənlik yox, dağətəyi yerdə tikməliyik. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 faiz fərq var”.
  “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə “Sherg.az"a açıqlamasında ölkəmizdə su qıtlığı ilə bağlı vəziyyət və görülə biləcək tədbirlər haqqında danışıb: "Son 10 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıb. Buna səbəb qlobal amillərlə yanaşı qonşu ölkələrdə suya tələbatın artmasıdır. Bizim əsas içməli su qaynağımız transsərhəd çayları:

"Kür, Araz, Samur, Qanıxçaydır. Onlar mənbəyini qonşu ölkələrin dağ sisilələrindən götürür. Bu çaylar bizə çatana qədər xeyli itkiyə məruz qalır. Bu çayların suyundan kənd təsərrüfatında istifadə olunur. İnkişaf etmiş dövlətlər suyun kənd təsərrüfatında israfını minimuma endirmək üçün yeni texnologiyalar tətbiq edirlər. Kənd təsərrüfatı inkişaf etmiş bir sıra ölkələrdə suvarmada damcı və çiləmə üsulundan istifadə olunur. Çox təəssüf ki, bu texnologiya bizim fermerlər üçün hələ də əlçatmazdır. İstifadə edənlər var, amma kütləvi deyil".
  Ekspert həmçinin bildirib ki, suvarmada su israfının qarşısını almaq üçün dövlət qurumları fermerlərə dəstək göstərməli, onların yeni texnologiyalara çıxışını təmin etməlidir: "Başqa yolla su israfının qarşısını almaq mümkün olmayacaq. Bundan başqa tullantı sularının təkrar emalı müəssisələrinin sayı artırılmalıdır. Texniki su şəbəkələri yenidən qurulmalıdır. Yaşıllaşdırmada, avtoyuma müəssisələrində təkrar emal sularından istifadə etmək günün tələbidir. Bir müddət əvvəl Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı təşəbbüslər var idi. Çoxlu maliyyə vəsaiti tələb etsə, hesab edirəm ki, bu layihəyə yenidən müraciət etmək məcburiyyətində qalacağıq”.