Millət vəkili: Bakı Forumu parçalanmış dünyanı birləşdirməyə çalışacaq

Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldib
 

 "Qlobal Bakı  Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən beynəlxalq əhəmiyyətli platformaya çevrilib". 
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə,  Bakıda keçirilən Qlobal Forumlar iştirakçılarına və müzakirə olunan məsələlərin aktuallığına görə Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə müqayisə olunur:
 "Bakıda keçirilən forum sayca on birincidir. XI Qlobal Bakı Forumunda  bu gün  dünya üçün  daha çox vacib məsələlər müzakirə olunur. Qlobal Forumun təşəbbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin  diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin  ləyaqətli üzvü olduğumuzu nümayiş etdiririk.
 Forumun mövzusu parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş verir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldilmişdir. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri dünyanı üçüncü dünya müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxardıb. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə pozulmuş  beynəlxalq hüququn bərpası məsələsinə töhfə verib, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim edib. Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olacaqdır".

A.Badamovun sözlərinə görə, XI Qlobal Bakı Forumunda  həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə ediləcək: 
"Bu gün iqlim dəyişikliklərinə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır.  O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin  sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azərbaycan qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə könüllü öhdəlik götürüb. Belə ki, 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35 faizini, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılıb.
 Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq konfransda iqlim dəyişikliklərinin  müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP29-nun yüksək səviyyədə keçirilməsi  iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının  nə qədər vacib olduğunu göstərir.
 Forumda müzakirə olunacaq pandemiya və yeni texnologiyalarla bağlı mövzular da dünya üçün çox əhəmiyyətli məsələrdir. Ümumdünya Səhiyyə Təşkilatı  COVID infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVID-19-un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
 Qlobal Bakı Forumları dünyada baş verən  qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilib. Forumda 400-ə yaxın qonağın tərkibində fəaliyyətdə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, alimlər, siyasətçilər iştirak edirlər. Bu, bir daha Qlobal Forumun əhəmiyyətini göstərir".