Novruz bayramı bu il böyük ruh yüksəkliyi ilə qarşılanır

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Qarabağ azaddır, həyatımızın yeni mərhələsi başlayıb

Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır

  Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamətlərdən biri olaraq qarşıya qoyduğu məsələlərdəndir. Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti, islami dəyərlərə yeni prizmadan baxış kimi meyilləri ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapmaqdadır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesində ölkəmiz uğurlu gələcəyi təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan dövləti tərəfindən qarşıya qoyulan siyasət özündə bu və digər məsələləri ehtiva edir.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək qayğısı Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənib. “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”. Bunu Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki nitqində deyib.
  Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Bu zəngin irsdə xalqın soy-kökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatıb. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır.
  Bu gün isə Novruz bayramının sonuncu, yəni Torpaq çərşənbəsi qeyd olunur. Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruzun son çərşənbəsi - "İlaxır çərşənbə" hər il böyük ruh yüksəkliyi ilə qarşılanır.
  Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən İlaxır çərşənbəsi yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır.
Bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə adı ilə də tanınır. Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
  Torpaq çərşənbəsinin ayinlərinin və adət-ənənələrinin daha çox olması, eyni zamanda digər çərşənbələrdən xüsusi qeyd olunması insanların torpağa bağlı olmasından irəli gəlir. “Torpaqdan yaranmışıq, torpağa da qayıdacağıq” ifadəsi də buradan qaynaqlanıb.
  Hətta bəzi bölgələrdə sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmaya, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “şal atma” mərasimini icra edirlər. Şal atılandan sonra gizlənirlər. Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.
  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dünən Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.
  Dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib: “Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır. Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır”.
  Millət vəkili Ceyhun Məmmədov “Sherg.az"a açıqlamasında deyib ki, İlaxır çərşənbələri və Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır: 

“Novruz bayramı hər il ölkəmizdə xüsusi coşqu ilə keçirilir. Bütün ölkədə konsertlər, tamaşalar keçirilməklə qeyd edilir. Bu bayramın əsas simvollarından olan keçəl və kosanın tamaşası bayrama xüsusi maraq qatır. Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətinə bədii nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda bəşər mədəniyyətinə töhfəsidir.
Bahar bayramının bu gün ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilməsi dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.
  Ulu Öndər Heydər Əliyev: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
  Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və bütün Azərbaycan xalqının arzularını reallaşdıran Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev dünən Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu o deməkdir ki, 30 ildən sonra ilk dəfə bütünləşmiş Azərbaycanda, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda bayram tonqalı qalanacaq, Novruz süfrələri açılacaq”.