İrəvanın qara günləri qabaqdadır - RƏY

Ermənistan, nəhayət, Rusiyasız öz təhlükəsizliyini qoruya bilməyəcəyini anlayacaq

  Ermənistanın paytaxtı İrəvanın “Azadlıq” meydanında mart ayının 20-si böyük mitinqin keçirilməsi planlaşdırılır. Globalinfo.az xəbər verir ki, mitinqin keçmiş qondarma rejimin ləğvindən sonra Ermənistana köçən ermənilər tərəfindən təşkil olunacağı bildirilib. Artıq bir müddətdir Qarabağdan köçən ermənilərin Ermənistanda xoş qarşılanmadığı, onların sosial ehtiyaclarının təmin edilmədiyinə dair narazılıqlar var. Ermənistanın siyasi həyatında aktivləşməyə çalışan separatçıların hökumət tərəfindən təhlükə mənbəyi kimi görüldüyü deyilir.
Məlumata görə, artıq separatçılarla İrəvan hakimiyyəti arasında ciddi qarşıdurmalar var. Qərbyönümlü hakimiyyətdən fərqli olaraq, Qarabağdan köçən separatçıların Kremlin dəstəyi ilə İrəvana qarşı təbliğata başladığı qeyd olunur.
  Martın 20-də keçiriləcək mitinqin Qarabağ məsələsinin siyasi və hər bitərəfinə deyil, oradan köçən ermənilərin hüququ və sosial rifahının təmin edilməsi üçün təşkil olunduğu açıqlanıb. Lakin bunun hakimiyyət dairələrində açıq təxribat olaraq qəbul edildiyi bildirilir. Bəzi ekspertlər isə Nikol Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışdığı bir zamanda bunu Moskvanın İrəvana reaksiyası olaraq dəyərləndirirlər. Eyni zamanda martın 20-də baş tutacaq mitinqin hazırkı hakimiyyətin dəyişməsi, Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması planının başlanğıcı olduğuna dair iddialar var.
  Politoloq Natiq Miri isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Ermənistan hökumətinə qarşı etirazlar fonunda dəfələrlə buna cəhd edib. Yəni rusiyayönlü qüvvələrin birliyini təmin etməklə, əhalini küçələrə çıxarıb hökuməti devirməyə cəhd edib:

“Ancaq reallıq bundan ibarətdir ki, Nikol Paşinyanın hakimiyyəti ələ alandan sonra erməni ictimaiyyətində anti-Rusiya ovqatı formalaşdıra bilib. Bu, əlbəttə ki, təkcə Paşinyan hökumətinin işi deyil. Burada Qərb institutları, QHT-nin verdiyi külli miqdarda qrantlar da ciddi rol oynayıb. Ona görə də deyə bilərik ki, bu yöndə cəhdlər olub, sadəcə, Rusiyanın buna gücü çatmayıb. Digər tərəfdən, Rusiyanın açıq cəhdlərlə Paşinyan hakimiyyətini devirmək istəməsini də əsaslandırmağa ehtiyac var. Çünki Paşinyan hökuməti sözdə Rusiyanı ittiham etsə də, hələlik onun nüvəsi olan heç bir təşkilatdan imtina ilə bağlı rəsmi iddia ortaya qoymayıb. Yəni bu, nə hüquqi, nə də siyasi cəhətdən Rusiyaya zəmin yaratmır deyə, Rusiya da qeyri-rəsmi üsullarla onu devirməyə cəhd edirdi ki, hələlik buna nail ola bilməyib. Ayrıca Rusiyanın gözləntiləri də var. Düşünür ki, Ermənistan, nəhayət, Rusiyasız öz təhlükəsizliyini qoruya bilməyəcəyini anlayacaq. Eyni zamanda bu məsələ təkcə hərbi yox, iqtisadi təhlükəsizlik fonunda da Ermənistana ciddi problemlər yaradacaq. Ona görə də birbaşa Rusiya rəhbərliyi səviyyəsində Ermənistan rəhbərliyinin ittihamını hələlik görmürük. Bu, aşağı səviyyədə, daha çox media səviyyəsində müzakirə mövzusu kimi ortaya çıxır”.