Gündəm söhbəti: Müharibə gözlənilmir

İrəvan Brüssel görüşündən sonra sülhə daha çox meyillənə bilər
 
“Ermənistanın əsas məqsədi Qərbdən tam təhlükəsizlik təminatı almaqdır”
 
“Qərb indiki mərhələdə Ermənistanda hərbi kontingentini yerləşdirməyə ehtiyac duymur. Belə bir addım Rusiyanı qıcıqlandırar”
 
 
 Aprelin 5-də Brüsseldə keçirilməsi gözlənilən üçtərəfli görüş hazırda Ermənistan KİV-inin aparıcı mövzusuna çevrilib. Bəzi erməni analitiklər Avropada ciddi qərarların qəbul ediləcəyini bildirirlər. Brüssel görüşünün hətta Qarabağ münaqişəsinin taleyinə ciddi təsir edəcəyinə dair iddialar da var. Sözügedən görüşdə Ermənistanın təhlükəsizliyi ilə bağlı paktın imzalanması məsələsi əsas müzakirə mövzularından biridir. Qərbin hər vəchlə Cənubi Qafqaza daxil olmaq istəyi, heç şübhəsiz ki, Rusiyaya qarşı açıla biləcək növbəti cəbhə kimi də səciyyələndirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, digər dövlətlərin regional işlərdə iştirakının artması müsbət nəticə verməyəcək. Xatırladaq ki, Azərbaycan Prezidenti ABŞ dövlət katibi ilə telefon danışığında da aprelin 5-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşün qeyri-inklüziv xarakter daşıdığını söyləyib. “Hraparak” qəzeti də yazıb ki, aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Ermənistanın Avropa Birliyinə üzvlük üçün müraciət edib-etməyəcəyinə, yaxud Rusiya-Avropa arasında tarazlıq yaradan qeyri-müəyyən status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətiriləcək. Nəşrin yazdığına görə, xüsusilə hakim partiya bu görüşün nəticələrini səbirsizliklə gözləyir: "Bundan sonra onlar Nikol Paşinyanla görüşəcək və yekun nəticəni çıxaracaqlar. Baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə qanunvericilər bildiriblər ki, AB-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur. Çünki Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır və Rusiya bu xəyanətə dözməyəcək. Hətta belə fikirlər səslənib ki, Avropaya müraciət İrəvanın təkcə Zəngəzur dəhlizini deyil, bütün Zəngəzuru itirməsinə səbəb ola bilər. Lakin sonda iqtidaryönlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır. Hətta hesablayıblar ki, Qərb ən azı 7-8 il ərzində Ermənistana hər il 2-3 milyard dollar ayırmalıdır ki, İrəvan iqtisadiyyatını şaxələndirib Rusiyadan ayrılsın. Rusiya isə regiondan sıxışdırılmalıdır. Yəni bu xəyanətin qiyməti var və ildə 3 milyard dollar təşkil edir".

 "Turan" İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev "Sherg.az"a deyib ki, aprelin 5-nə planlaşdırılmış üçtərəfli konfransın əsas məqsədi Ermənistanı Rusiyadan ayırmaq, ermənilər arasında rus amilini azaltmaq və Kremlin İrəvana təsir imkanlarını bloklamaqdır. Ekspertin sözlərinə görə, müharibədən sonra Ermənistan hökuməti Rusiyadan qaçmaq, uzaqlaşmaq yolunu tutub: 
"Qərb də bu mənada Ermənistana dəstək verir. Bu proses 3 ildir gedir, son zamanlar daha da sürətlənib. Aprelin 5-də keçiriləcək üçtərəfli konfransın da məqsədi Ermənistana daha irimiqyaslı dəstək verməkdir. Ermənistanın daxilində hökumətdən, Paşinyanın sülhlə bağlı addımlarından narazılıq edən müxalifət Rusiyaya güvənərək vəziyyəti daha da kəskinləşdirməyə cəhd göstərir. Şübhəsiz, burada iqtisadi amillər də ciddi rol oynayır. Çünki adətən, insanları iqtisadi məsələlər üzərindən yönləndirirlər. Ona görə də iqtisadi dəstək, vizaların sadələşdirilməsi prosesi erməni cəmiyyətinə böyük ümidlər verir. Söhbət müharibədən getmir. Erməni cəmiyyəti müharibəyə hazır olmadıqları üçün savaş istəmirlər. Qərb də İrəvana vədlər verir ki, onların məqsədi Ermənistanı dəstəkləmək, iqtisadi yöndən dirçəltmək və son olaraq təhlükəsizliyini təmin etməkdir. İndiyədək belə bir düşüncə var idi ki, Rusiya getsə, Ermənistan batacaq. Azərbaycan, Türkiyə, Gürcüstan, İran erməniləri sıxışdıracaq və s. Guya Ermənistana siyasi-hərbi təhlükəsizlik qarantiyası verilirdi ki, sizə heç kim müdaxilə edə, təzyiq göstərə bilməz. Qərb Ermənistana təhlükəsizlik təminatı verir".

 Politoloq diqqətə çatdırıb ki, Brüssel görüşü ilə bağlı narahatlıq ifadə olunsa da, o, nisbətən fərqli düşünür:
 "Brüssel görüşündə Ermənistana verilən vədlər erməni cəmiyyətini qane edərsə, ictimaiyyət Azərbaycanla sülh prosesinə meyillənə bilər. Hesab edərlər ki, artıq Qərbin dəstəyi, himayəsi, qoruması altındadırlar və onlar üçün heç bir təhlükə, təhdid  yoxdur. Yəni rahatlayarlar. Digər yandan Rusiyadan qaçmaq prosesi daha da güclənər. Təkcə hava limanında deyil, başqa yerlərdə də rus sərhədçilərinin Ermənistandan çıxarılması prosesi intensiv hal alar. Hətta zamanla Rusiya hərbi bazasının Ermənistandan çıxarılması gündəmə gələr. Hazırda geniş anlamda Ermənistan üzərində Qərblə Rusiya arasında mübarizə gedir".
 
Analitik vurğulayıb ki, Qərb indiki mərhələdə Ermənistanda hərbi kontingentini yerləşdirməyə ehtiyac duymur: 
"Belə bir addım Rusiyanı qıcıqlandırar. Moskva hay-küy salacaq ki, NATO Cənubi Qafqaz bölgəsindədir, Rusiya sərhədlərinə təhdiddir və s. O baxımdan Qərb buna getməyəcək və daha çox yumşaq qüvvədən istifadə edəcək. Yumşaq güc də siyasi-iqtisadi xarakterli addımların atılması, diplomatik dəstəyin verilməsidir. Hazırda Ermənistanın iqtisadiyyatı, sənayesi Rusiyanın əlindədir. Amma mövcud durumda bu sahələrə heç bir investisiya qoyulmur, aktivlik yoxdur. Qərb sərmayə məsələsini çox rahatlıqla həyata keçirə bilər. Əslində, Qərb də fərqindədir ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistana heç bir təhdid yoxdur. Ona görə də bölgədə hərbi gücün yerləşməsinə zərurət duymur. Avropa Birliyinin müşahidə missiyasının regionda mövcudluğu Qərb üçün kifayət edir".

 M.Əliyev əlavə edib ki, Rusiya və İranın Qərbin Ermənistan üzərindən bölgəyə soxulmasına mane olmaq imkanları məhduddur: 
"Nəzərə alaq ki, Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətindən, ermənilərin Qarabağdan getməsindən və separatçılara qarşı anti-terror əməliyyatından sonra belə erməni cəmiyyəti Paşinyana qarşı çıxmadı. Hətta özləri üçün faciə hesab etdikləri bu hadisələr belə erməni toplumunu İrəvan hökumətinin əleyhinə qaldırmadı. Rusiya ilə əməkdaşlıqda maraqlı olan müxalifət də bu məqamlardan istifadə edə  bilmədi. Qərbin dəstəyi cəmiyyəti Paşinyana daha çox bağlayacaq. Belə şəraitdə İran və Rusiyanın Paşinyan hökumətini və erməniləri Qərbə qarşı çevirməsi qeyri-mümkündür".