Ermənistanı idarə edənlərin zərrəcə ağlı varsa savaş yolunu deyil, barış mövqeyini tutmalıdırlar
Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib. Bu barədə sözügedən qurumun məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda faktla bağlı cinayət işi qaldırılıb. Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub. Qeyd edək ki, bir neçə gündür ki, Ermənistan Azərbaycan şərti sərhədində atəşkəs pozulmaqdadır. Müdafiə Nazirliyindən bildirilib ki, bütün təxribatlara adekvat cavab tədbirləri görülüb və görüləcək. Maraqlıdır ki, atəşkəsin pozulması ilə bağlı Ermənistan hərbi rəhbərliyi Azərbaycanı ittiham edərək dezinformasiya yaydığını desə də, hakim “Mülki müqavilə” Partiyasının deputatı Andranik Köçəryan atəşkəsin pozulmasının rəsmi Bakı ilə danışıqlar masası arxasında oturanların işinə mane olduğunu deyib. Erməni iqtidarına yaxın bəzi mənbələr isə mediaya açıqlamalarında şərti sərhəddəki təxribatları revanşist qüvvələr tərəfindən törədildiyini iddia ediblər. Avropa İttifaqının "mülki missiyası"nın uzunmüddətli fəaliyyətini nəzərə alsaq, deyə bilərik ki, Ermənistan sərhəddə qəsdən süni təxribat törədir. Bununla da missiya "bizim sərhədimizdə gərginlik var", "bizi qorumaq lazımdır" kimi fikirləri sübut etmək istəyirlər. Ermənistan həmişə uğurla həyata keçirdiyi ağlamaq, sızlamaq, "günahsız tərəf" kimi görsənmək oyununu bu dəfə də davam etdirir. Paşinyanın Brüsseldə Qərb dairələri ilə görüşü və bundan sonra Ermənistana yardımların razılaşdırılması ilə bağlı məsələnin elanı da oyunun bir hissəsidir. Qərb dairələri Ermənistana bundan sonra da dəstək göndərəcəklər. Qərbin hədəfi Ermənistandan Rusiya hərbi bazasını çıxarmaq və boşluğun Fransa tərəfindən doldurulmasına nail olmaqdır. Eyni zamanda Hindistandan gətirilən silahlar və mülki insanların sonradan hərbidə aktiv istifadə edilməsi də planın tərkibi hissəsidir. Paşinyan sülh sazişinin vacibliyindən, 4 kəndin qaytarılmalı olduğundan və qaytarılmazsa, müharibənin olacağından danışır. Buna baxmayaraq, şərti sərhədə hərbçilərin yığılması və təxribatlar başqa məqsədlərdən xəbər verir. Xüsusilə də Fransa və ABŞ Azərbaycanın diqtəsi ilə sülhün baş verməsini bəlkə də istəmir. Onlar bütün prosesləri öz nəzarətlərində saxlamaq tərəfdarıdırlar. Eyni zamanda Zəngəzur dəhlizi açılarsa, ona da ABŞ və Fransa nəzarət etmək istəyir. Yaxın vaxtlarda Cənubi Qafqazda daha da möhkəmlənməyi hədəfləyirlər. ABŞ və NATO İranla mümkün münaqişə zamanı Ermənsitandan öz əraziləri kimi istifadə edəcək. Çünki Türkiyənin İranla aktiv münaqişəyə girib, müharibə etməsi real görsənmir. İsrail-Fələstin məsələsində iki ölkənin mövqeləri üst-üstə düşür. Onlar Fələstin və müsəlmanların qorunmasına çağırışlar edirlər. Bu baxımdan NATO, xüsusilə də Fransa, ABŞ və NATO-nun aparıcı üzvləri Ermənistan ərazilərini gələcəkdə İrana qarşı aparacaqları müharibə üçün hazırlayırlar. Bütün bunlarla yanaşı, Ermənsitana verilən dəstək sülhü yubandıra, Ermənistanı yeni təxribatlara cəsarətləndirə bilər. Yaxud Ermənistan sülh danışıqları dondura, uzun müddət prosesdən çəkilə bilər. Ermənistanın hazırda həyata keçirdiyi məkrli planları Azərbaycan tərəfindən yaxından izlənilir. Azərbaycan Silahlı Qüvvələri baş verə biləcək hər bir hücumun qarşısını almağa hazır vəziyyətdədir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) dinc yolla Azərbaycana qaytarılmasını və sülh sazişinin imzalanması prosesini süni surətdə uzatması onsuz da rəsmi İrəvana xüsusi heçnə qazandırmayacaq.
Analitik bildirib ki, Ermənistanın yenidən əvvəlki sürüşkən mövqeyinə qayıtması heç də səbəbsiz deyil:
"Biz bunun ilkin əsas səbəbini aprelin 5-də Qərbin aparıcı güclərinin (ABŞ, Aİ, Fransa) Brüsseldə keçirilən görüşdə Ermənistanı sülh prosesindən eskalasiya yoluna yönəltməsində axtarmalıyıq. Digər səbəbi isə Ermənistanın baş naziri Nikol Paşinyanın vaxt qazanmaq və Ermənistanın hərbi gücünü artıraraq paritet yaratmaq, Azərbaycanla eyni güc ortamında, “güc dili”ndə danışmaq planları ilə bağlıdır. Lakin istər ABŞ-Aİ “duet”inin, istərsə də Paşinyanın eskalasiya, militarizasiya planları iflasa məhkumdur. Bu qüvvələrin hansı planları cızmalarından asılı olmayaraq Ermənistan bütün hallarda sözügedən eksklav və anklav 8 kəndi qeydsiz-şərtsiz bizə qaytarmalıdır. Ermənistanın başqa yolu yoxdur, çünki bu, ilk növbədə beynəlxalq hüququn tələbidir. Əgər Nikol Paşinyan tez-tez təkrarladığı Ermənistanın 29,8 min kvadratkilometr hüdudlarında ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanınmasını istəyirsə, o zaman işğal altında saxlanılan kəndlərimizin qaytarılmasını müxtəlif bəhanələrlə yubatmaq taktikasına son qoymalı və ilk növbədə anklav olmayan 4 kəndi dərhal qaytarmalıdır. Paşinyan saxta sülhsevər obrazından da əl çəkməlidir. O, sözdən işə keçməli, real addımlar atmalıdır. Ermənistanın baş nazirinin ötən ay Tavuşa səfəri zamanı “4 kəndi qaytarmasaq, Azərbaycan bir həftəyə müharibəyə başlayacaq”, deməsinin ardınca kəndlərin qaytarılması istiqamətində heç bir real addım atmaması da onu göstərir ki, ortada demaqogiyadan başqa heçnə yoxdur. Ermənistanın bir yandan “sülh göyərçini” kimi çıxış edib, lakin eyni zamanda Fransa, Hindistan, İran silahları ilə silahlanması məsuliyyətsizlik və həyasızlıq nümunəsidir. Bu xətt, bu yol Ermənistanı növbəti fiaskolara doğru aparır".
Ekspert vurğulayıb ki, Nikol Paşinyan bu təhlükəli yoldan geri çəkilməli, praqmatik siyasət yürütməlidir:
"Praqmatik yol isə o deməkdir ki, rəsmi İrəvan xoşluqla Azərbaycan ərazilərini geri qaytarmalıdır. Haqqında bəhs edilən kəndlərin dinc yolla qaytarılması Ermənistanın da, Azərbaycanın da maraqlarına uyğundur. Sözsüz ki, biz həmin kəndləri güc yoluyla da geri ala bilərik. Lakin Azərbaycan hazırda tam olaraq bölgədə qalıcı sülhün bərqərar olması xəttinə köklənib. Rəsmi Bakı növbəti eskalasiyanın baş verməsində yox, diplomatiyanın qələbə qazanmasında maraqlıdır. Ermənistanı idarə edənlərin zərrəcə ağlı varsa savaş yolunu deyil, barış mövqeyini tutmalıdırlar. Cənubi Qafqazda sülh və sabitliyin yolu məhz bu mövqedən keçir".