"Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş və uğurlu siyasəti buna imkan vermədi”
İran və İsrail arasında artan gərginlik, İranın qəfil dron və raket hücumları göstərdi ki, üçüncü dünya müharibəsi hər an başlaya bilər. Ənənəvi müttəfiqliklərin özünü doğrultmaması, müxtəlif istiqamətlərdə fərqli gərginlik ocaqlarının qalması geosiyasi durum barədə dəqiq proqnozlarlar verməyi mümkünsüz edir. Lakin dəyişməyən reallıq odur ki, dünyanın bölünməsi və ayırıcı xətlərin dərinləşməsi prosesi sürətlənir.
Yeni münaqişə ocaqlarının yaradılması niyyəti aydın sezilir. Onsuz da mürəkkəb və həssas bölgə olan Cənubi Qafqazın Qərb tərəfindən hədəfə alındığı sirr deyil. O da bəllidir ki, kollektiv Qərbin regionumuzu gərginlik ocağına çevirmək niyyəti qarşısında əsas sədd məhz Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr Cənubi Qafqazı qütblərin toqquşma platformasına çevrilməyə imkan vermir. Ancaq ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel Brüssel sammiti göstərdi ki, Qərb bu təcavüzkar planlarından əl çəkməyib. Bəzi region dövlətləri də bu prosesin tərkib hissəsi kimi davranmaqdadır. Ermənistan Cənubi Qafqazda yeni münaqişənin alovlanması prosesində Qərbin əsas aləti rolunu oynayır. Azərbaycan, Türkiyə və Rusiyanın 5 aprel görüşünə reaksiyası fonunda İranın susqunluğu deməyə əsas verir ki, Tehran özü də regionda gərginliyin artmasında maraqlıdır. Artıq hadisələr Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə, bilavasitə sərhədlərimizdə baş verir. Bu mənada Azərbaycan prosesləri diqqətlə müşahidə edir və olayların hərbi zəmində Azərbaycan-Ermənistan şərti sərhədlərinə daşınmaması üçün bütün zəruri addımları atır. Eyni zamanda xalq-iqtidar birliyi, dövlətimizin iqtisadi-siyasi və enerji müstəqilliyi, Qarabağ Zəfərindən sonra artan imkanları Bakıya bölgədə öz gündəliyini diqtə etməyə, təcavüzkar planlara qarşı qəti mövqe sərgiləməyə imkan verir. Təsadüfi deyil ki, möhtərəm Prezidentin ötən il mayın 10-da Şuşadan müraciətində qeyd etdiyi kimi, "Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir". Dünya ölkələrinin və Azərbaycanın təcrübəsinə istinad etməklə bir zəruri həqiqəti qeyd etməliyik. Bu həqiqət lider amilinin böyük rol oynamasıdır. Elə rəhbərlər var ki, məhz onların səbatsızlığı, səriştəsizliyi, populizmi nəticəsində rəhbərlik etdikləri ölkələr siyasi bataqlığa düşür və oradan çıxa bilmirlər. Ölkəmizin dünyadakı təlatümlər dənizində sabitlik və inkişaf adasına çevrilməsi kimi müstəsna nailiyyətə məhz Liderimizin - Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub. Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb. Bu reallıq ondan ibarətdir ki, ölkədə bütün sosial təbəqələrin nümayəndələri İlham Əliyevi özünə daha yaxın sanır və ona güvənir. Belə bir gərgin şəraitdə milli birlik və həmrəylik, dövləti maraqları hər şeydən üstün tutulmalıdır.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Yaxın Şərq tarix boyu qaynar hadisələrlə yadda qalıb. Deputatın sözlərinə görə, Yaxın Şərq səmavi dinlərin yarandığı coğrafiya olmaqla yanaşı, dövrümüzdə qarşıdurmaya cəlb edilmiş sivilizasiyaların mərkəzi hesab olunur:
"Tarix boyu Yaxın Şərqdə münaqişələr, müharibələr əksik olmur. Halbuki, Yaxın Şərqdə yaranan səmavi dinlər, yəni hər üç din hər zaman insanları sülhə çağırıb. Məsələnin təzadlı tərəfi də bundan ibarətdir. İsrail və İran arasındakı münasibətlər gərginləşir. Məsələ ondadır ki, bu, daha çox siyasi ambisiyalar və mühüm coğrafiyaya nəzarət etmək həmlələri ilə bağlıdır. Buna görə də İsrail-İran arasında artan gərginlik Azərbaycana, ümumən bölgəyə təsir edir. Ona görə ki, İran bizim soydaşlarımızın yaşadığı bir ölkədir. Azərbaycan həmişə İranda sülhün və rifahın olmasından yana çıxış edib. İsrail də Azərbaycana dost ölkədir. Ən kritik tarixi mərhələdə Azərbaycanın yanında dayanıb. Azərbaycan İsrail xalqı üçün də sülh və rifahın olmasını təmanna edib. Lakin bir daha vurğulayıram ki, qarşıdurmanın səbəbi gələcək yüzillikdə kimin daha çox idarəetmə və təzyiq rıçaqları əldə edib-etməyəcəyi ilə bağlıdır. Söhbət Yaxın Şərqə, dolayı yolla Şimali Afrika və Qafqazlara nəzarəti ələ keçirməkdən gedir. Dünyanın digər coğrafiyalarında - Şərqi Avropa, Balkanlarda da şiddətli qarşıdurmalar mövcuddur. Lakin bu kontekstdə Azərbaycan bir sülh adasını xatırladır. Çünki Yaxın Şərq və Şərqi Avropadan fərqli olaraq Azərbaycan öz problemini ən mürəkkəb relyef və çətin tarixi şərtlər içərisində cəmi 44 gündə həll etdi, torpaqlarını düşməndən təmizlədi. Azərbaycanın əldə etdiyi böyük tarixi nailiyyət bundan ibarətdir".
Parlamentari vurğulayıb ki, əgər müharibə Yaxın Şərqdəki və Şərqi Avropadakı kimi uzansaydı, Cənubi Qafqaz atəş çəmbərinə çevrilərdi:
"Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş və uğurlu siyasəti buna imkan vermədi. Məhz həmin uğurlu siyasət nəticəsində Azərbaycan postmüharibə sindromlarını da yaşamdı. Adətən belə müharibələrdən sonra qıtlıq, aclıq, terror, inflyasiya kimi hadisələr baş verir. Azərbaycan nəinki bəhs edilən problemlərlə üzləşdi, tam əksinə, ölkə iqtisadiyyatında dinamika baş verdi. Halbuki, böyük iqtisadi resurslarımız Qarabağın dirçəlişinə, quruculuq-bərpa işlərinə cəlb olunub. Lakin Azərbaycan dövləti bu prosesin özünü də iqtisadi fəallıq üçün fürsətə çevirdi. Nailiyyətlərimiz Azərbaycan Prezidentinin həyata keçirdiyi komplimentar daxili və xarici siyasətlə, dərin strateji diplomatiya və regionda həyata keçirdiyimiz sülh siyasəti ilə əlaqədardır. Bu gün atılan addımlar həm də gələcəkdə daha inkişaf etmiş güclü Azərbaycanın təməlləri hesab edilər bilər".