Fransa geri addım atmağa məcbur olacaq -TƏHLİL

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.
Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Prezident Emmanuel Makron məsələni müzakirə etmək üçün Parisdə səfir Ann Buayonu qəbul edib. Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.
Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və hər zaman öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bəyan edir. 
Bəs görəsən, Fransanın Azərbaycandakı səfirinin geri çağırılmasında əsas məqsəd nə ola bilər? Rəsmi Paris Azərbaycanla əlaqəni tam kəsmək istəyir?

Fransanın Azərbaycandakı səfirinin  məsləhətlər üçün çağırılmasının müəyyən narahatçılıqlara və anlaşılmazlıqlara səbəb olduğunu deyən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, bu hadisəni səfirin birdəfəlik geri çağırılması olduğunu düşünmür:  
                                               
"Fransanı indiki məqamda regionla bağlı narahat edən 2 məsələ var. Birincisi, Azərbaycan- Fransa münasibətləri ikincisi, Azərbaycan- Ermənistan əlaqələri və bölgədəki sülh prossesidir.  Məlum olduğu kimi, günümüzdə Azərbaycan- Fransa arasında siyasi-diplomatik münasibətlər pisdir. Onların isə Azərbaycanda iqtisadi maraqları mövcuddur. Xüsusi ilə '' Total Energies'' şirkətinin Azərbaycanda səhmləri var. Belə olduğu təqdirdə Paris siyasi münasibətlərdəki gərginliyin iqtisadi əlaqələrə təzahür etməməsi üçün müəyyən araşdırmalar aparır. Səfirdən bu barədə ətraflı məlumat almaq istəyə bilər. Buna görə də indiki məqamda bunu səfirin birdəfəlik geri çəkilməsi kimi anlamaq doğru olmaz. Fransa Azərbaycan və Ermənistan arasında sülh bağlanmasını istəmir. Ona görə ki, regiona müdaxilə imkanlarını Ermənistan üzərindən gercəkləşdirirlər.  Hazırda Ermənistanın Azərbacanla sülh imzalamaqda qərarlı olması Fransanı narahat edir. Böyük ehtimalla Fransa prezidentinin məqsədi tərəflərin mövqelərini öyrənməkdir. Onlar üçün Azərbaycandan fəqli olaraq Ermənistandakı vəziyyəti öyrənmək asanddır. Bu səbəbdən səfirin birbaşa hesabatına ehtiyac yaranıb. Bir sözlə, Fransa diplomatik-siyasi müstəvidəki gərginliyi artıra bilməz. Çünki burada iqtisadi maraqlar təhlükəyə girir. Buna görə də Fransa geri addım atmağa məcbur olacaq".