Media subyektinin inzibati məsuliyyətə cəlb olunması barədə vəkildən AÇIQLAMA

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Layihəni təqdirəlayiq hesab etdiyini deyən vəkil Fariz Namazlı "Sherg.az"a bildirib ki, əvvəllər inzibati xətalar məcəlləsində yalnız vəzifəli şəxslər xəta icraatı üzrə tərəflərin razılığı olmadan onların foto, video görüntülərini mediada yayılması üçün təqdim etdikdə, 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilirdi:
“Lakin bu halda media subyekti məsuliyyətdən kənarda qalırdı. İndiki halda media subyektinin də inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir. Burada istisna hal nəzərdə tutulmalıdır. Çünki media qurumunun da məlumat yaymaq azadlığı var. Xüsusən ictimai əhəmiyyətli mövzularda şəxsin razılığı olmadan onun foto, video görüntüsünü yaydıqda ifadə azadlığı şəxsi həyata hörmət hüququndan daha üstün hesab edilməlidir. Bu məsələ gələcəkdə mübahisə yaratmaması üçün qanunvericilikdə əksini tapmalıdır".