Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb, Azərbaycanın yaratdığı reallığa bəzi dövlətlər özlərini adaptasiya edə bilməyiblər
Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda Azərbaycanın regional və qlobal miqyasda üzləşə biləcəyi risklərdən, kənar güclərin təhdidlərindən də bəhs edib. Ölkə rəhbəri xüsusilə vurğulayıb ki, Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur. Dövlət başçısı bildirib ki, üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər: "Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq". Prezident əlavə edib ki, biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik: "Bu yerləşmə bizi narahat etmir. Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın - Avropa və islam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”. Prezident əlavə edib ki, quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük: "Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum".
Dövlət başçısının diqqət yönəltdiyi məsələni "Sherg.az"a dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti hələ andiçmə mərasimində çıxış edən zaman ölkəmizin təhlükəsizliyini təhdid edən ideoloji risklərin olduğunu bildirmişdi. Deputatın sözlərinə görə, bu, hər şeydən öncə onunla əlaqədardır ki, Azərbaycan böyük ciddi tarixi uğurlar əldə edib, ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etməyi bacarıb:
"Bu, bir çox regional və qeyri-regional aktorlar tərəfindən həzm edilmir. Ona görə də Azərbaycan Prezidenti çıxışlarının birində demişdi ki, "biz çox dərin layları yerindən oynatmışıq, bunu bizə bağışlamayacaqlar". Bax, xaricdən gələn təhdidlərin böyük bir qismi bununla əlaqədardır. Bunlar ideoloji, maliyyə, tibbi və ya digər risklər də ola bilər. Azərbaycan bütün bu risklərə qarşı hazırlıqlı olmalıdır. Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb, Azərbaycanın yaratdığı reallığa qonşu və qeyri-qonşu ölkələr özlərini adaptasiya edə bilməyiblər, risk davam edəcək".
Parlament üzvü düşünür ki, bu risklərin bir hissəsi birbaşa xarici siyasətimizlə bağlıdırsa, digər hissəsi informasiya, dini, mənəvi, ideoloji məkanla bağlıdır: "Buna qarşı müqavimətin ən yaxşı forması milli maarifləndirmə olmalıdır. Lazım gəldikdə bütün tədbirlər kompleks şəkildə həyata keçirilməlidir ki, təhdidlərə qarşı milli maraqlarımızı qoruya bilək. Düşünürəm ki, yollardan biri quru sərhədlərin qapalı qalması ilə bağlı ola bilər. Azərbaycan Prezidenti artıq quru sərhədlərimiz vasitəsilə ölkəmizə daxil olacaq mümkün risklərin bir qismini açıqladı. Görünür, bir qismi də müəyyən vaxtdan sonra açıqlanacaq. İndiki vaxtda ola bilsin, məqbul deyil. Fikrimcə, bu istiqamətdə atılan addımlar regionumuzda vəziyyət sabitləşənə qədər, risklərin azalma tendensiyası müşahidə edilənədək davam etdirilməlidir. O zaman ənənəvi münasibətlərə qayıtmaq mümkün olacaq".